Audrius Bitinas: “Azərbaycanda pensiya islahatlarını müsbət qiymətləndirirəm”
“Minimum təminatlar olmalıdır ki, vətəndaşlar sosial, mədəni və iqtisadi həyatda aktiv iştirak edə bilsinlər. Bu baxımdan Azərbaycanda əmək pensiyasının minimum məbləğinin artırılması təqdirəlayiq haldır”.
AFN xəbər verir ki, bunu Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin müşaviri, sosial elmləri doktoru Audrius Bitinas bildirib.
O deyib: “İki ildir burada işləyirik və daim islahatların aparılmasını müşahidə edirik, bu sahədə siyasi iradənin olduğunu görürük. Pensiya qanunvericiliyində olan son dəyişikləri də müsbət qarşılayırıq. Bütün sahələrdə islahatlar aparılır, eyni zamanda, islahatlar nəticəsində pensiya sistemi də inkişaf edir”.
A.Bitinas nəzəriyyədə pensiya məbləğinin şəxsin ödədiyi sosial sığorta ödənişlərindən asılı olaraq müəyyən edilməsi prinsipi olduğunu qeyd edib: “Bununla yanaşı, hesab edirəm ki, hər dövlətdə baza pensiya təminatları olmalıdır. Bu mənada pensiyanın minimum məbləğinin artırılması müsbət addımdır. Tvinninq layihəsinin müşaviri, eyni zamanda, indeksləşdirmə nəticəsində pensiyanın artırılmasının əhəmiyyətini vurğulayıb.