Kürdəmirdə azot gübrəsinin güzəştli şərtlərlə satışı həyata keçirilib
Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən AFN-ə verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şəki, Oğuz, Göyçay, Sabirabad, Ismayilli, Astara, Biləsuvar,Saatlı rayonlarının ardınca növbəti səyyar satış mart ayının 14-də Kürdəmir rayonunun Karrar qəsəbəsində baş tutub.
Bu rayona yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıb.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə ediblər.
Kürdəmir rayonunda keçirilən səyyar satış zamanı Karrar və ətraf 11 kənd üzrə 32 vətəndaş müraciət edərək güzəştli şərtlərlə gübrə əldə ediblər. Kürdəmirdə keçirilən səyyar satışda 38,85 ton ammonium nitrat gübrəsi satılıb.
Sabah mart ayının 15-də Xaçmaz rayonunun Ləçət kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.