10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur
Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) qanunvericiliyə uyğun olaraq, evlərində sosial xidmətlə təmin edilirlər.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmətçiləri 10448 tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərirlər. Onlar həftədə azı iki dəfə olmaqla tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatında təmizlik işləri aparılması, zəruri ərzaq, sənaye və məişət mallarının alınması, yemək hazırlanması və s. işlərdə köməklik edirlər.
Evlərində sosial xidmətlə təmin olunanlardan 85 faizə qədəri ahıllar (yaşı 70-dən yuxarı olanlar), qalanları əlilliyi olan şəxslərdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi “DOST xonçası” kampaniyası çərçivəsində həmin tənha ahıllar ziyarət olunur, onlara “DOST xonçası” olaraq bayram sovqatı təqdim edilir, bayram təbrikləri çatdırılır. Müxtəlif dövlət təşkilatları, özəl qurumlar, ayrı-ayrı fiziki şəxslər, tanınmış simalar “DOST xonçası” kampaniyasına qoşulurlar. Bununla bir tərəfdən cəmiyyətdə ahıllara diqqət və qayğı təşviq edilir, eyni zamanda, tənha ahıl insanlara Azərbaycan cəmiyyətinin hər zaman onların yanında olduğu əyani nümayiş olunur.