Bakı-Quba yolunda ağac kəsimi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində müxtəlif cinsli ağac və kol bitkilərinin kəsildiyi aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, araşdırma zamanı ağac və kolların “Azəri-İNT” MMC tərəfindən kəsildiyi məlum olub.
Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 17080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Prokurorluğuna göndərilib.