Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək
Müasir texnologiyalar vergi sistemində qurulan işin daha keyfiyyətli müstəvidə aparılmasına, o cümlədən sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulmasına xidmət edir. Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi ilə kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq. Bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların Vergilər Nazirliyinin informasiya bazasında avtomatlaşdırılmış rejimdə ötürülməsi və s. aiddir. Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.
Yeni nəsil kassa aparatlarının tətbiqi ilə yeniliklərdən biri kassa çeklərinə tələblərlə bağlıdır. Belə ki, kassa çeklərində olan məlumatlara bir sıra əlavələr edilib. Bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur. Bunlardan QR-kod istehlakçıların maraqlarına xidmət edən yenilikdir. Belə ki, mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara QR-kod reader mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb bu əlavə vasitəsilə onun düzgünlüyünü yoxlamaq olar. Bununla yanaşı yeni nəsil kassa aparatları üzrə məlumatların çatdırılması üçün yaradılacaq e-kassa.gov.az saytı vasitəsilə də çeki yoxlamaq mümkündür. Bunun üçün həmin saytdakı “Çekin yoxlanılması” bölməsinə müraciət etmək lazım olacaq.
Vətəndaşlar həmçinin “QR-kod reader”dən istifadə etməklə və ya e-kassa.gov.az saytındakı “Çekin yoxlanılması” bölməsinə çek məlumatlarını daxil etməklə kassa çekində yerləşdirilmiş QR-kodun sürətini çıxararaq çekin elektron nüsxəsini də əldə edə biləcəklər.
Qeyd edək ki, pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaqlar. Bu baxımdan bu vəsaitin əldə edilməsi üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir.
Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Belə ki, vətəndaşlar alış-veriş edərkən kassa çeklərini tələb etməlidirlər. Çünki kassa çekinin təqdim olunması alış-veriş zamanı keyfiyyətinin aşağı olduğu sonradan anlaşılan məhsulların yenisi ilə əvəz edilməsi və ya qaytarılması, bonuslardan istifadə və vətəndaşların hüquqlarının müdafiəsi baxımından vacib əhəmiyyət daşıyır. Bundan əlavə, çeklərin təqdim olunması dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.