Yeni nəsil nəzarət kassa aparatları vasitəsilə aparılan əməliyyatlar üstünlüklər vəd edir




Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində kassa əməliyyatları barədə məlumatları ötürməyə imkan verən yeni nəsil nəzarət kassa aparatlarının tətbiq olunması sahəsində işlər davam edir.

Vergilər Nazirliyindən AFN-ə verilən məlumata görə, Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq müəyyən olunan tarixədək Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələri üzrə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə keçidin birinci mərhələsinin başa çatdırılması planlaşdırılır.

Yeni nəsil nəzarət kassa aparatları nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. Onun vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi təmin edilir. Yeni nəsil kassa ticarət, ictimai iaşə və digər sahələrdə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir. Yeni nəsil kassa aparatları köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Əsas üstünlüklərə məlumatların onlayn ötürülməsi, kriptoqrafiq prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq edilməsi və aparılmış əməliyyatlar üzrə təhlil imkanlarının yaradılması daxildir.

Yeni nəsil kassa vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması və xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür.

Kriptoqrafik alqoritmlərdən kassa əməliyyatlarının aparılması və məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Qeyd olunan kriptoqrafik prosedurlar kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə istifadə olunur.

Yeni çek formalarının əsas üstünlüklərindən biri - üzərində qeyd edilən QR kodudur (və unikal identifikator). Onun vasitəsilə müştərilər, yəni istehlakçılar, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını yoxlamaq imkanını əldə edir.

Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılmasıda nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.

Qeyd olunan üstünlüklər vergi yoxlamalarının ümumi sayının qismən azalmasına, sistemin şəffaflığının artırılmasına, kassa əməliyyatlarının (biznesin) uzaqdan idarə olunmasına, satış əməliyyatlarının sadələşməsinə və digər müsbət dəyişikliklərə yol açacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu