Ayna Sultanova parkında obyekt tikilir?- AÇIQLAMA




Bakının Binəqədi rayonunda yerləşən Ayna Sultanova parkında yaşıllığın məhv edildiyi və yerinə naməlum obyektin tikildiyi bildirilir.

Xatırladaq ki, sözügedən istirahət məkanı 2014-cü ilin dekabr ayından hasara alınıb.

Binəqədi rayon İcra Hakimiyyətindən həmin zaman verilən açıqlamada belə deyilirdi: “Park istifadəyə verildiyi müddətdən indiyə kimi heç bir təmir işləri aparılmayıb və indi park ən müasir standartlara uyğun olaraq yenidən qurulur. Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub. Bütün görülən işlər memarlığın yeni elementləri tətbiq edilməklə həyata keçirilir”.

Lakin uzun müddət adı çəkilən ərazidə təmir işləri aparılmadı. İndi isə Ayna Sultanova parkında hasarların arxasında naməlum bina ucalıb.

Məsələylə bağlı hüquqşünas Sahib Məmmədov bildirib ki, məlumat almaq üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinın “qaynar xətt”i ilə əlaqə yaradıb: “Uzun məsləhətləşmədən sonra bir nəfər telefona yaxınlaşıb dedi ki, bu onlarlıq deyil, Bakı şəhər İcra hakimiyyəti edir və orada hələ çox tikintilər olacaq. Mən istədim soruşum ki, bəs Komitə ilə razılşama filan yoxdurmu? Çox kobud cavab verərək telefonu asdı. Biz də səhərdən axşama qədər dövlət qulluqçularının etik davranışından filandan danışırıq”.

Bakı Şəhər İcra Hakimiyyətindən isə Minval.info-ya bildirildi ki, Ayna Sultanova parkında gedən işlər Binəqədi RİH tərəfindən görülür: “Layihə sənədləri də oradadır. Ona görə xahiş edirik, onlarla əlaqə saxlayın”.

Binəqədi Rayonu İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, sözügedən tikili hər hansı obyekt yox, sakinlərin asudə vaxtının təşkili üçün yer olaraq nəzərdə tutulub: “Ölkə başçısı cənab İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb.

Parkda görülən abadlıq quruculuq işləri uğurla həyata keçirilir. Ərazidə işlərə başlanılıb və yay aylarına qədər həmin parkın istifadəyə verilməsi gözlənilir. Yaşıllaşdırma Təsərrüfatı Birliyi və ETSN ilə razılaşdırılaraq ərazidə olan ağaclar budanıb, park hazır olana kimi orada başqa dekorativ ağaclar da əkiləcək. Sözü gedən tikili hər hansı obyekt yox, sakinlərin asudə vaxtının təşkili üçün yer olaraq nəzərdə tutulub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu