Füzuli Ələkbərov 11 illik qanun pozuntusunu belə “həll edir..."
AFN// Füzuli Ələkbərov qanunsuz sahibkarlıq fəaliyyətinə qanuni don geydirmək istəyir.
AFN xəbər verir ki, sabiq nazirə məxsus Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən qanunsuz dayanacağın bağlanmasının səbəbləri var. Belə ki, redaksiyamıza bununla bağlı məlumat verən mənbənin sözlərinə görə, bir neçə gün əvvəl media məsələni gündəmə gətirəndən sonra dayanacaq bağlanıb, ərazi boşaldılıb: “İndi isə VÖEN açdırıblar və fəaliyyətlərini bir neçə günə bərpa edəcəklər”.
Xatırladaq ki, araşdırma zamanı şəhərin arxitektura görünüşünə xələl gətirən həmin sahədə qanunsuz dayanacaq fəaliyyət göstərdiyi aşkarlanmışdı. Kvadrat formasını təşkil edən torpaq sahəsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “Mehmanxana, biznes və ticarət mərkəzi binasının layihələndirilməsi” haqqında Sərəncamı var. Torpaq sahəsinə görə Əmlak məsələləri üzrə Dövlət Komitəsi ilə 45 illik icarə müqaviləsi imzalanıb. Torpağın kadastr plan, ayrıc aktı və inşaat pasportu mövcuddur. Köhnə tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir.
Ərazi dayanacaq kimi fəaliyyət göstərirdi və araşdırmamız zamanı bizə verilən məlumata görə, vergisi də ödənmirdi. Yuxarıda da xəbər verdiyimiz kimi, F.Ələkbərov həmin dayanacağın fəaliyyətini qanuniləşdirmək qərarına gəlib. Maraqlıdır, bəs neçə illər ərzində obyektin qanunsuz fəaliyyət göstərməsinə, vergidənyayınmaya, qanunsuz əmək fəaliyyətinə görə kim cavab verəcək? Üstəlik, torpaq sahəsinin təyinatından kənar istifadəsiz də müzakirə mövzusudur desək, yanılmarıq.