Qənirə Paşayeva Türkiyənin ictimai təşkilat rəhbərləri, tanınmış aydınları və KİV rəhbərləri ilə görüşüb
Millət vəkili Q.Paşayeva Türkiyənin ictimai təşkilat rəhbərləri, tanınmış aydınları və KİV rəhbərləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb, çağırış edib və birliyimizin güclənməsi üçün daha çox çalışmalıyıq deyib
"Mehmet Akif Ersoydan Bəxtiyar Vahabzadəyə İstiqlal şüuru" və “Şeirlər və türkülər türkü tərənnüm edər” adlı tədbirlər çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin ictimai təşkilat rəhbərləri, tanınmış aydınları və KİV rəhbərləri - Türkiyənin Sağlıq və qida siyasəti qurumunun üzvü, Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq sədri prof. Dr. Necdet Ünüvar, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, sabiq millət vəkili Feramuz Üstün, sabiq millət vəkili və Sebilürreşad yayın təşkilatının rəhbəri Recep Garip, Yargıtav üzvü Muhammet Yavuz, Mehmet Akif Ersoyun nəvəsi Selma Erson Argon, qəzetəçi-yazar Abdurrahman Dilipak, Sebilürreşad yayın təşkilatının təmsilçisi Fatih Bayhan, EkoAvrasiya dərnəyinin rəhbəri Hikmet Eren, Sebilürreşad dərgisinin redaktoru Cevat Akkanat, Layihə əlaqələndiricisi, şair Ömer Faruk Arlı, Şiirder üzvü Begüm Özgirgin, Sebilürreşad dərgisi redaktoru Dr. Nizaməddin Duran, Sebilürreşad dərgisi baş katibi Metin Şehitoğlu, Sebilürreşad dərgisi yazarı Hüseyin Kava, Sebilürreşad dərgisi yayın əlaqələndiricisi Mehmet Poyraz, Sebilürreşad yayın təşkilatının təmsilçiləri Ayşe Garip və Asiya Dilipak, EkoAvrasiya dərnəyinin təmsilçisi Aybüke Aslantaş millət vəkili Qənirə Paşayeva ilə görüşüblər. Qonaqları ölkəmizdə salamlamaqdan məmnuniyyət duyduğunu qeyd edən millət vəkili Q.Paşayeva Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir deyib. “İlk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq” deyən millət vəkili “bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da inkişafı baxımından bu kimi qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar deyib. Q. Paşayeva görüş zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ziyaların, aydınların üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva daha fəal olmalıyıq deyib. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən Türkiyənin ictimai təşkilat rəhbərləri, tanınmış aydınları və KİV rəhbərləri “bir millət iki dövlət” düşüncəsi ilə hər zaman Azərbaycanın yanındayıq deyiblər və millət vəkili Q.Paşayevaya mükafat təqdim ediblər. Millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”İB tərəfindən qonaqlara Azərbaycan tarixi və mədəniyyətini özündə əks etdirən hədiyyələr və kitablar təqdim edilib. Millət vəkili Q.Paşayeva eyni zamanda “Şeirlər və türkülər türkü tərənnüm edər” adlı tədbirdə də çıxış edib və çıxışında Türk dünyasının birliyinin, bərabərliyinin daha da gücləndirilməsinin vacibliyi və bu məsələdə ictimai təşkilatların, aydınların, KİV-lərin və gənclərin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüb və daha çox çalışmalıyıq deyib.