Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib




Mayın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.



Tədbir iştirakçıları əvvəlcə, Ulu Öndərin Komitədəki büstünün önünə gül qoyaraq, onun xatirəsinə ehtiramlarını bildiriblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Laçın rayonundan məcburi köçkün Əmirxan Zeynalov və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində və dövlətçilik tarixində müstəsna xidmətlərindən söz açıblar.

Qeyd edilib ki, parlaq xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və unudulmaz olan Heydər Əliyevin möhtəşəm siyasi fəaliyyəti daim Azərbaycanın hərtərəfli inkişafının təmin edilməsinə, sosial-iqtisadi potensialının artırılmasına, mədəni-mənəvi dəyərlərinin zənginləşdirilməsinə yönəlib. Xalqımızın dahi oğlu hələ sovet hakimiyyəti illərində, respublikaya rəhbərliyinin birinci dövründə geniş miqyaslı quruculuq işləri aparıb, milli oyanışa rəvac verən mühit yaratmağa nail olub. Məhz həmin dövrdə yaradılmış potensial və dəyərlər Azərbaycanın müstəqilliyi üçün möhkəm zəminə, suverenliyimiz üçün təminata çevrilib.

Xalqımıza qarşı əsrlər boyu düşmənçilik edən erməni millətçiləri Azərbaycan əraziləri ilə bağlı çirkin niyyətlərini gerçəkləşdirmək cəhdlərinə də Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra başlyıb və bu niyyətlərinə qismən nail olublar. Belə fikir əminliklə bildirilib ki, əgər Ulu Öndər respublikada siyasi rəhbərlikdə olsaydı, nə Qarabağda separatçılıq baş qaldıra bilərdi, nə torpaqlarımız işğal edilərdi, nə də xalqımız qaçqınlıq, köçkünlük faciəsi ilə üzləşərdi.

Azərbaycanın ən ağır vaxtında xalqın çağırışı ilə siyasətə qayıdan və özünəməxsus cəsarətlə müstəqil dövlət quruculuğuna başlayan Heydər Əliyev qısa müddətdə ölkəni iflasdan, xalqı ümidsizlikdən xilas etdi. Bir milyondan çox qaçqın və köçkünün problemlərinin həlli istiqamətində məqsədyönlü dövlət siyasətinin də əsası məhz bundan sonra qoyuldu. Ulu Öndər apardığı uğurlu xarici siyasətlə beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizin üzləşdiyi humanitar fəlakətə cəlb etdi, Qarabağ həqiqətlərini dünada düzgün dərkinə nail oldu. Müdrik və uzaqgörən rəhbərin təşəbbüsü ilə Neft Fondunun ilk vəsaitləri qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi və bu ənənə indi də davam etdirilir.

Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məcburi köçkünlərin problemlərini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edən dövlət başçısı onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin

edilməsi, maddi rifah halının yüksəldilməsi üçün mühüm işlər görür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hələ də qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin daha da gücləndirilməsində, xalqımızın rifahının yüksəldilməsində, cəmiyyətimizin sağlam siyasi-mənəvi prinsiplər əsasında inkişafında rolundan bəhs edilib. Dövlət Komitəsinin strukturlarına çalışan 30-dan çox əməkdaşın partiyaya üzv olmaq barədə müraciətinə baxılıb.

***

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi mayın 10-da Fəxri Xiyabanda da olub, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, onun önünə əklil və gül qoyublar.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu