Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər
23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı günü münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik edib. Bildirib ki, müstəqil respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Dövlət Qulluqçularının Peşə Bayramı təntənə ilə qeyd olunur. Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dövlət quruculuğunun rolu və BMT Baş Məclisinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı elan olunmuşdur. Bu əlamətdar tarix Dövlət qulluqçularının, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.
Sovetlər İtifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra yaranmağa başlamışdır.
Memarı ulu öndərimiz Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası 20-ci əsrin sonlarında hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla irəliləyir. Hazırda müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı sahəsində çoxşaxəli vəzifələri yerinə yetirən Azərbaycan dövləti cəmiyyətin tələblərinə uyğun olaraq xalqımızın istək və arzularının daha çevik və səmərəli şəkildə həyata keçirilməsinə xidmət edən dövlət idarəçiliyi sisteminin formalaşdırılmasını prioritet fəaliyyət sahələrindən biri kimi diqqət mərkəzində saxlayır.
2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı qanun, fərman və sərəncamlar imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis edilmiş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda əhatə olunmuşdur.
“Dövlət qulluğu haqqında” qanun qəbul edildikdən sonra, onun təkmilləşdirilməsi üçün dəyişikliklər və əlavələrdən ibarət 11 qanun qəbul edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qulluqçusunun vəzifəsinin nədən ibarət olduğunu dəqiq ifadə edərək demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq.”
Dövlət qulluqçularının Peşə bayramı günündə qeyd olunmuşdur ki, bu sahədə aparılan islahatlar nəticəsində dövlət qulluqçularının sayı xeyli artmışdır. Rayonumuzun ayrı-ayrı müəssisələrində-rayon icra hakimiyyətində, İƏD üzrə nümayəndəliklərdə, təhsil sahəsində, Gənclər və İdman idarəsində, Maliyyə idarəsində, DSMF-də, Statistika idarəsində, mədəniyyət sahəsində 265 dövlət qulluqçusu vəzifəsi var. Həmin vəzifələrdə hazırda 234 nəfər çalışır. Dövlət qulluğunda çalışanların 34-ü gənclər, 57-i qadınlardır. 219 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. Onlar müstəqil respublikamızda inkişafın təmin edilməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, əhalinin sosial məişət şəraitinin həllində mühüm rol oynayırlar.
Bu gün Azərbaycanda dövlət qulluqçularının yaxşı işləməsi və xalqa daha yaxşı xidmət etməsi üçün hər cür şərait yaradılmışdır. Odur ki, şübhəsiz, dövlətin diqqət və qayğısına dövlət qulluqçuları da vəzifə borcunu layiqincə yerinə yetirmək və yüksək əxlaq nümunəsi göstərməklə cavab verəcək, doğma Azərbaycanımızın çiçəklənməsinə öz töhfələrini əsirgəməyəcəkdir.
Tədbirdə rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, Canyataq kənd İƏD üzrə nümayəndə Bəkir Ağayev, Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Ramiz Mustafayev çıxış edərək bütün dövlət qulluqçularını təbrik etmiş, möhtərəm Prezidentimizə dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Sonra rayon rəhbəri tərəfindən rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fərqlənən bir qrup dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.