İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO
İraqın "Həşd Şabi" ("xalq könüllüləri") adlı hərbi birləşməsinin komandan müavini Əbu Mehdi əl-Mühəndis açıqlamasında Azərbaycanın İraq ərazisindəki hədəfləri vurmaq üçün İsrailə öz ərazisindən istifadə etməsi barədə iddia irəli sürüb.
Bu barədə o, Livanın "əl-Məyadin" kanalına müsahibə verib.
"19 iyul, 12 və 20 avqust tarixlərində İraq ərazisindəki mövqelərə zərbə endirən İsrail pilotsuz təyyarələri Azərbaycandakı bazadan havaya qalxıb",-deyə Əbu Mehdi əl-Mühəndis qeyd edib.
Buna qədər KİV-də İsrailin Azərbaycandakı hərbi aerodromlardan istifadə etməsi barədə məlumat getsə də, nə rəsmi Bakı, nə də Təl-Əviv bu məlumatı təsdiq etməyib. BAKU.WS məsələyə münasibət öyrənmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət edib. Nazirlikdən verilən açıqlamada iddiaların əsassız olması və həqiqəti əks etdirməməsi qeyd olunub:
"Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb".