Fuad Qəhrəmanlı qızının yazdıqları haqda danışdı: "Təəssüf edirəm..."
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmurun açıqlamasına münasibət bildirib.
AFN xəbər verir ki, o, özünün feyzbuk profilində aşağıdakıları yazıb:
Dostlar, çox ağır bir mövzu haqda danışmaq istəyirəm. Bu gün qızım Selcan açıqlama yayaraq ailəmiz haqda emosional gərginlik altında bəzi fikirlərini bildirib. Çox təəsüf edirəm, hər birimizin ailəsi var və hər bir ailədə narazılıq olur. Mən həbs olunmamışdan öncə ailə daxilində müəyyən yanlış anlamalar üzündən gərginliklər olmuşdu. Ancaq həbsdə olduğum müddətdə həyat yoldaşım Zümrüd Yağmur mənim ən yaxın dəstəkçım olub. Biz artıq bu mərhələni adlatmışıq. Selcanın bu yazısına səbəb bu səhər onun qadın hüquqları ilə bağlı mövzuda yazdığı rəyi silməsini istəməyim olub və bu da onda emosional gərginlik yaradib. Bu üzdən də o keçmişlə bağlı xoşagəlməz bəzi nüansları dramatikləşdirərək təqdim edib. Övladım olmasına baxmayaraq onun formalaşma dövründə həbsdə olduğum üçün yanında olmamışam və bu üzdən də feminizm və s. kimi məsələlərə münasibətdə kəskin fikir ayrılıqlarımız yaranmışdı. Bu üzdən Selcanın bu yazısında fikir ayrılığımizdan doğan ziddiyyətin də təsiri var. Tam məsuliyyətlə deyirəm ki, onun bu yazdıqları həqiqət deyil və sadəcə dramatikləşdirilmiş təqdimatdır.
Buna görə çox mənəvi üzüntü yaşayıram. Təəssüf ki, bu hadisəni fursət bilən bəzi fürsət dəllalları bunu təmsil olunduğum təşkilata və mənim şəxsiyyətimə qarşı linçə çevirməyə çalışırlar. Əgər mən zorakı biri olmuş olsaydım nə həyat yoldaşım, nə də ki, övladlarım ictimai fəaliyyətdə olmazdılar.
Siyasi rəqibə qarşı bu qədər qurşaqdan aşağı zərbələr vurmaq heç bir mənəvi ölçüyə sığmır. Onlar bununla mənim fəaliyyətimi əngəlləyəcəklərini düşünürlərsə bilsinlər ki, yanılırlar. Sadəcə ayıb olsun.
Bu çətin anda məni feyzbuk kəmfürsətlərinin qarşısında tək buraxmayıb dayaq olan hər kəsə təşəkkür edirəm.
Qeyd edək ki, F.Qəhrəmanlının qızı Selcan Yağmur bu gün ailədə şiddət tətbiq etdiyi üçün atasından imtina etdiyini açıqlayıb.