Pediatrdan xəbərdarlıq: Bu xəstəliyə qarşı diqqətli olun!
Pediart dr. Cəmilə Hacıyeva seliakiya - həzm sisteminin irsi xəstəliyi haqqında danışıb.
AFN-in xəbərinə görə, mütəxəssis bildirib ki, seliakiya - həzm sisteminin irsi xəstəliyidir: "Seliakiya qlüten zülalına dözümsüzlükdür. Qlüten zülalı arpa, çovdar, buğda kimi yarmaların tərkibinə daxildir. Bu qlüten zülalı uşağın orqanizminə düşdükdə incə bağırsaqda iltihab baş qaldırır və nəticədə həzm və sorulma prosesləri pozulur. Körpənin orqanizminə lazım olan bir çox vacib maddələrin (dəmir, kalsium, zülallar,yağlar, vitaminlər və s.) çatışmazlığı yaranır.
Belə uşaqlarda qəbizliklə növbələşən ishal, ürəkbulanma, iştahsızlıq, qarnında köp, ağrı, qusmalar baş verir. Nəticədə də belə körpələrdə fiziki inkişafın ləngiməsi (az çəki, boy qısalığı ) anemiya, diş və sümük problemləri ortaya çıxır. Adətən seliakiyanın ilk simptomları körpəni əlavə qidalara (sıyıqlar, suxarı çörək) keçirdikdə meydana çıxır. Çox vaxt bu xəstəliyin diaqnozu uşaq vaxtlarında qoyulur, lakin bəzən diaqnoz vaxtında qoyulmur. Və həmin uşaq daha sonra illər ərzində müxtəlif xəstəliklərdən uğursuz müalicə olunurlar. Bu xəstəliyin müalicəsi yalnız qlütensiz diyetə riayət etməkdir və lazım olarsa, çatışmayan mikroelementlərin defisitini dərmanlarla aradan qaldırmaq olar”.