Sizi siyahıya aldılarmı? - tanınmışların CAVABI




Bu il ölkəmizdə növbəti dəfə əhalinin siyahıyaalınması keçirilib. Azərbaycan Dövlət Statistika Komitəsinin apardığı siyahıyaalma prosesi narazılıqlarla müşahidə edildi. Bir çoxları siyahıya alınmamalarından şikayətləndilər. AFN xəbər verir ki, narazılar arasında tanınmışlar da olub. Bir neçə nəfər məşhur arasında "Sizi siyahıya aldılarmı" sualı ilə keçirdiyimiz sorğunun nəticəsini təqdim etməzdən öncə qeyd edək ki, komitə prosesin nəticəsini açıqlayıb. Bildirilir ki, hazırda ölkə əhalisinin sayı 10035351 nəfər təşkil edir.



Media üzrə ekspert, professor Qulu Məhərrəmli AFN-ə bildirdi ki, onu siyahıya alıblar: “Bizə komitənin 2 əməkdaşı gəldi. Nəzakətli şəkildə suallar verərək, qeydlərini apardılar. Amma siyahıya alınmayan vətəndaşlar da var. Faktdır, danmaq olmaz. Bu baxımdan insanların narazılıqlarını da anlamaq mümkündür. Haqsız deyillər. Prosesi daha peşəkar şəkildə həyata keçirmək olardı. Hesab edirəm ki, bu dəfəki siyahıyaalma sönük keçdi. Əvvəllər isə daha təntənəli olurdu”.

Xalq artisti Rasim Balayev də siyahıdan kənada qalan vətəndaşlardandır. O, AFN-in sorğusuna cavab olaraq qeyd etdi ki, siyahıya alınmadığı üçün narazı deyil: “Biz şəhərdəki mənzildə qeydiyyatdayıq, amma bağ evində yaşayırıq. Ola bilsin ki, komitənin əməkdaşları qeydiyyatda olduğumuz evin qapısını döyüblər. Orada olmadığımız üçün də siyahıya alınmamışıq”.

Millət vəkili Qənirə Paşayeva isə siyahıya alındığını bildirdi.

Yazar Qan Turalı da sayılmadığını söylədi: “Qeydiyyatda olduğum ünvanda yaşamıram. Yəqin ona görə məni siyahıya almayıblar. Sosial mediada görürük ki, başqa vətəndaşlar da kənarda qalıb. Bəlkə də daha əlverişli variantlarla, məsələn, elekron qaydada bu prosesi keçirmək olardı”.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov siyahıya alındığını dedi: “Əhalinin siyahıya alındığı ilk günlərdə xarici ölkədə səfərdə idim. Amma komitə əməkdaşları ailəmin digər üzvlərinin qeydiyyatını aparmışdılar. Bakıya dönəndən sonra təkrar gəlib, məni də qonşularla birlikdə siyahıya aldılar”.

Həkim Vasif İsmayıl da siyahıya alınmadığını qeyd etdi.

Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu "bəxti gətirməyən"lərdəndir: “Siyahıyaalma ilə bağlı televizorda eşitdim. Bizim ailə siyahıya salınmayıb. Hər gün işdə-gücdə oluruq. Bəlkə bizə də gəlib, evdə heç kəsi tapmayblar”.

AFN-in baş direktoru Həbibə Abdulla nəinki özünün, qonşularının, tanışlarının arasında siyahıyaalınana rast gəlmədiyini dedi: "Qızımın 30 nəfərlik sinif yoldaşlarının valideynlərindən də soruşdum maraq üçün, hamısı dedi ki, alınmayıblar siyahıya. Qeydiyyatda olduğum ünvanda yaşamıram, yaşadığım mənzil sənədsizdir, eləcə də məhləmizdə hər kəs. Heç kim bura gəlib siyahıyaalma keçirmədi. Heç kənddəki qohum-əqrəbamız da siyahıya alınmadı".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu