Bu azərbaycanlı Kanada parlamentinin deputatı ola bilər
Kanada vətəndaşları bu gün növbəti dörd il ərzində parlamentin aşağı palatası olan İcmalar Palatasında təmsil olunmaq üçün istədikləri namizədə səs verəcəklər.
Səsvermədə qalib gələn partiyanın lideri Kanadanın Baş naziri olacaq.
Seçki Komissiyasından verilən məlumata görə, seçkilərdə müstəqil namizədlərlə yanaşı, 21 partiyanın iştirakına icazə verilib.
Kanadanın Atlantik sahilində seçki məntəqələri yerli vaxtla 08:30-da açılacaq və səsvermə ölkənin Sakit okean sahilində yerli vaxtla 19:00-da başa çatacaq.
İcmalar Palatasında 338 yer uğrunda mübarizəyə ölkənin ən nüfuzlu siyasi qüvvələri - hakim Liberal Partiyası, Mühafizəkarlar Partiyası, Yeni Demokrat Partiyası, Yaşıllar Partiyası, Kanada Xalq Partiyası və Kvebek Bloku qatılıb.
İctimai rəy sorğusuna görə, Mühafizəkarlar Partiyası hazırda ən yüksək reytinqə sahibdir.
Ölkə sakinlərinin 31,5 faizi bu partiyaya səs verməyə hazırdır. Növbəti sıralama isə belədir:
- Liberallar (31.0 %);
- Demokratlar (18.8%);
- Yaşıllar Partiyası (9.5 %);
- Kvebek Bloku (7.0%);
- Xalq partiyası 1.8%.
Qeyd edək ki, seçkilərdə Kanadada yaşayan azərbaycanlı Vasif Əliyev də namizədliyini irəli sürüb. Məlumat üçün bildirək ki, o, 7 yaşı olarkən ailəsi ilə birlikdə Montreal şəhərinə köçüb, 13 il Kanada ordusunda zabit olaraq xidmət edib. V.Əliyev Concordia Universitetində siyasi elmlər ixtisası üzrə təhsil alıb. Universiteti bitirdikdən sonra siyasi fəaliyyətə başlayıb.