Qüdrət Qurbanov Meksikanın Azərbaycandakı səfirini qəbul edib - FOTOLAR




Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.



Qonarları səmimi salamlayan Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bu görüşün qarşılıqlı nailiyyətlərə, eləcə də dəniz nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmasına imkan yaradacağına ümidvar olduğunu dedi. Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasında mövcud diplomatik münasibətlərə toxunan Qüdrət Qurbanov Latın Amerikası regionunda Azərbaycanın ilk səfirliyini məhz Meksikada təsis etməsini ölkələrimiz arasında əməkdaşlığa böyük önəm verilməsi kimi dəyərləndirdi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradıldığını diqqətə çatdıran Dövlət Dəniz Agentliyinin direktoru bildirdi ki, Agentlik qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə və bu təcrübənin Azərbaycanda tətbiq edilməsinə xüsusi diqqət yetirir.

Dövlət Dəniz Agentliyinin fəaliyyəti barədə danışan Qüdrət Qurbanov Azərbaycanın dəniz nəqliyyatı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkilindən söz açdı. Qüdrət Qurbanov vurğuladı ki, Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, 2009 – cu ildə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan yoxlamalar nəticəsində Dövlət Dəniz Agentliyi tərəfindən verilən diplom və sertifikatlar Avropa İttifaqı tərəfindən tanınıb. Aparılan yoxlamalar nəticəsində Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı tərəfindən 2016 – cı ildə Təşkilatın “Ağ siyahısı”na daxil edilib.

Bununla yanaşı 2017 – ci ilin 28 may – 06 iyun tarixlərində Respublikamızın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu tərəfindən ölkəmizdə keçirilən yoxlamanın nəticələrinə görə Azərbaycan 174 dünya dəniz dövləti sırasında ön sırada yer tutub.

Azərbaycan və Meksika ilə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar və perspektivlər mövcuddur deyən Qüdrət Qurbanov Meksikanın bu sahədə zəngin təcrübəyə malik olduğunu bildirdi. Dövlət Dəniz Agentliyinin direktorunun sözlərinə görə, bu əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir. Məhz bu istiqamətdə səylərin artırılması, eləcə də daim diqqət mərkəzində saxlanılması zəruridir.

Dövlət Dəniz Agentliyinin direktoru vurğuladı ki, Beynəlxalq Dəniz Təşkilatının Şurasında dəniz nəqliyyatı və naviqasiyası üzrə maraqlı dövlətlərin daxil olduğu “C” kateqoriyası üzrə Meksikanın namizədliyi 2017 – ci ildə Azərbaycan tərəfindən tərəfindən dəstəklənib.

Görüşə görə xüsusi minnətdarlığını ifadə edən Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Azərbaycanla Meksika arasından möhkəm dostluq əlaqələrinin mövcud olmasından söz açdı.

Meksikanın Beynəlxalq Dəniz Təşkilatındakı fəaliyyətinə toxunan səfirin sözlərinə görə, ölkəsinin bu mötəbər təşkilatda iştirakı Beynəlxalq Dəniz Təşkilatına öz müsbət töhvələrini verib. Meksikanın liman şəbəkəsinin 117 limandan ibarət olduğunu diqqətə çatdıran qonaq bu limanlarda yeniliklərin həyata keçirildiyini dedi.

Beynəlxalq Dəniz Təşkilatının Şurasında dəniz nəqliyyatı və naviqasiyası üzrə maraqlı dövlətlərin daxil olduğu “C” kateqoriyası üzrə Meksikanın 2017 – ci ildə olduğu kimi yenidən namizədliyini irəli sürdüyünü söyləyən səfir bu dəfə də Azərbaycandan dəstək gözləyirik dedi.

Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Meksika dövlətinin Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirərək, onlara göstərilən diqqətə görə, xüsusi minnətdarlığını ifadə etdi.

Tərəflər Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə edərək, məsələ ilə bağlı fikir mübadiləsi apardılar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu