İcbari tibbi sığortanın 2020-ci ildə ölkə üzrə mərhələli şəkildə tətbiqi təklif olunur




İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib.



İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir. Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. Qeyd edək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İlkin mərhələdə ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.

İkinci mərhələdə - aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortadan yararlanacaq.

İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə sistem çərçivəsində tibbi xidmət göstəriləcək.

Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir.

Məlumat üçün bildirək ki, regionlar üzrə əhalinin sayı 2018-ci ilin statistikasına istinadən verilib və göstəricilərin hesablanması zamanı Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı nəzərə alınmayıb. Naxçıvan Muxtar Respublikasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Qeyd edək ki, Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini sözügedən qurum həyata keçirir

Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək.

Nəzərinizə çatdıraq ki, Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu