Azərbaycanda insanlar şəxsiyyət vəsiqələrini götürüb xəstəxanalara axın etdilər - VİDEO
Bu günlərdə sosial şəbəkədə yerli xəstəxanaların birində müşahidə edilən vətəndaş izhidamı ilə bağlı görüntülər yayılıb.
AFN.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, görüntülərdə vətəndaşların hansı səbəbdən tibb müəssisəsinə gəlməsi məlum olmasa da, icbari tibbi sığortanın işə düşməsindən sonra xəstəxanalara kütləvi üz tutması iddia edilib.
Yayılan məlumata görə, icbari tibbi sığortanın işə düşməsindən sonra xəstəxanalarda bütün xidmətlər aprelə qədər pulsuzdur. Bununla bağlı hətta səs yazısı da yayılıb. Şəxsiyyəti məlum olmayan vətəndaş digər şəxsləri kütləvi surətdə xəstəxanalara üz tutmağa və bununla bağlı heç bir ödəniş etməməyə çağırır. Məsələnin aktuallığını nəzərə alaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik və yayılan məlumatların nə dərəcə dəqiq olmasını aydınlaşdırdıq. Dövlət Agentliyindən bildirilib ki, sosial şəbəkələrdə icbari tibbi sığortanın hər region üzrə 3 ay müddətində tətbiq edilməsi ilə bağlı paylaşılanlar həqiqəti əks etdirmir:
“Yayılan məlumat çaşqınlığa, təşvişə və tibb müəssisələrinə vətəndaş axınına səbəb olur. Nəzərinizə çatdırırıq ki, icbari tibbi sığorta 2020-ci il ərzində ölkə üzrə 4 mərhələdə həyata keçiriləcək. 2020-ci ilin yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə artıq başlanılmışdır. Bu regionlarla yanaşı 1 aprel tarixindən 21, 1 iyul tarixindən 15, 1 oktyabr tarixindən isə 7 şəhər və rayonun sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.
Tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri ilə bağlı məlumatlandırmaq, eləcə də tibb müəssisələrində yeni maliyyələşmə mexanizmini tətbiq etmək məqsədilə hər mərhələ üzrə sistemin icrası 3 aya bölünmüşdür. Səhhətində narahatlıq (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yaranmış şəxslərə ilk növbədə şəxsiyyət vəsiqələri ilə öz ailə həkimlərinə müraciət etmələri tövsiyə olunur.
Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə həmin həkimə göndəriş verir. Bu zaman artıq ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət olunmalıdır”.