Zaur Əliyev Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüşüb - FOTOLAR




27 noyabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Səhiyyə Nazirliyi yanında Beynəlxalq Səhiyyə Xidmətləri Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cevat Şengül və baş direktor Mehmet Ali Kılıçkayanı qəbul edib. Görüşdə həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Cengiz Güneş və Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov iştirak ediblər.



Görüşü giriş sözü ilə açan Zaur Əliyev qonaqları salamlayıb və Azərbaycan-Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı bir sıra ölkələrin, o cümlədən Türkiyə Respublikasının təcrübəsi öyrənilib. Z.Əliyev gələn ildən etibarən ölkədə icbari tibbi sığortaya keçid və keçidlə əlaqədar aparılan hazırlıq və maarifləndirmə işləri, həmçinin pilot layihə çərçivəsində Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri barədə də məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Cevat Şengül ilk növbədə sədri olduğu cəmiyyətin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O əsas hədəfin Türkiyəni dünyanın öndə gedən səhiyyə xidməti təchizatçılarından birinə çevirmək olduğunu qeyd edib. Bununla bağlı, beynəlxalq səviyyədə Türkiyədə göstərilən səhiyyə xidmətlərinin tanıdılmasını və ictimai, özəl sektorun sağlamlıq turizminə istiqamətli fəaliyyətlərini dəstəklədiklərini, bu prosesləri koordinasiya etdiklərini, səhiyyə xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və akkreditasiya meyarları mövzusunda Səhiyyə Nazirliyinə təkliflər irəli sürdüklərini vurğulayıb.

Görüşdə həmçinin icbari tibbi sığorta sistemi çərçivəsində göstərilən səhiyyə xidmətlərinin rəqabət gücünün qiymətləndirilməsi, icbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin imkanlarının tanıdılması, o cümlədən keyfiyyətli tibbi xidmətlərin əlçatanlığının təmin olunması nəticəsində sağlamlıq turizminin inkişaf etdirilməsi mövzuları müzakirə olunub.

Görüşün sonunda C.Şengül Azərbaycanda yeni başlanacaq icbari tibbi sığorta sistemi ilə bağlı atılan addımları dəstəklədiyini və səhiyyə xidmətləri istiqamətində istənilən təklif və tövsiyələrin verilməsinə hazır olduğunu bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu