Dənizə axan neftdir, yoxsa çirkab suları? - VİDEO+RƏSMİ REAKSİYA




Sosial şəbəkələrdə çirkli maddələrin dənizə axıdılması görüntüləri yayılıb.



AFN xəbər verir ki, tanınmış telejurnalist Zamirə Dadaşova öz profilində paylaşdığı videoya belə şərh yazıb: "Bura Xəzərdir. Gözəl, mavisulu Xəzər. Digəri isə bizim "qara qızılımız" sayılan neftimizdir. İkisini də sevirik. Amma ayrı-ayrılıqda. Bir yerdə, bərabər sevgili olmaları mümkünsüzdür. Amma SOCAR-ın Xəzərdəki platformalarında baş verən nasazlıq və ya maddiyyat tələb edən qurğuların, sistemlərin qurulmaması onları beləcə birləşdirir. SOCAR, Ekologiya Nazirliyi xəbərsizdir guya bu baş verənlərdən? Elədirsə ictimailəşdirək xəbərləri olsun".
Qeyd edək ki, məsələyə rəsmi reaksiya verilib. Belə ki, görüntülərlə bağlı məsələni araşdırmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyi rəhbərliyinin iştirakı ilə komissiya "Neft Daşları”na yollanıb.

Bunu "Report"a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

"Bu gün səhər saatlarından "Azneft” İstehsalat Birliyinin rəhbər şəxslərinin də iştirak etdiyi komissiya hadisəni araşdırmaq üçün əraziyə gedib. Normalda heç bir təlimatlarımızda, heç bir proseslərdə çirkli maddələrin dənizə bu şəkildə axıdılması nəzərdə tutulmur. Rəhbərlik tərəfindən də belə təlimat verilməyib. Bunun necə baş verdiyi hələ məlum deyil. Hadisəni dəqiqləşdirmək, araşdırmaq və qarşısını almaq üçün oraya xüsusi komissiya göndərilib”,- İ. Əhmədov qeyd edib.



O əlavə edib ki, gələcəkdə belə hadisələrin təkrar baş verməməsi üçün nəzarət daha da gücləndiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu