Azərbaycan Avropaya qurbağa ayağı və ilbiz ixrac etməyə hazırlaşır
Azərbaycan Avropa İttifaqı ölkələrinə qurbağa ayağı və ilbiz kimi ekzotik məhsulların ixracına hazırlaşır. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Aİ ölkələrinə heyvan mənşəli qidaların ixracı üçün konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçmək lazımdır. Və Azərbaycana məxsus üç məhsul artıq səlahiyyətləndirilib.
“Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan kimi tanınır. Bundan əvvəl balıq kürüsünü Aİ-na ixrac edə bilirdik. Sahibkarların müraciəti əsasında ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı Azərbaycan səlahiyyətli ölkələr sırasına daxil edilib”, - Agentlik rəsmisi qeyd edib.
E.Mikayılov onu da vurğulayıb ki, AQTA sahibkarların müraciətini nəzərə alaraq, daha iki yeni məhsulun Avropa İttifaqına ixracı ilə bağlı danışıqlara başlayıb: “Son illər balın ixracında ciddi artım dinamikası bizə imkan verdi ki, orqanik balı Aİ-na ixrac edək. Sahibkarlar artıq potensial alıcıları müəyyən ediblər. Baldan sonra heyvan mənşəli yun və dərinin Aİ-na ixracı ilə bağlı danışıqlar aparılır. Proseslər başa çatdıqdan sonra bu məhsulların ixracına icazə veriləcək”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitkiçilik mənşəli məhsulların Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı ilə bağlı danışıqlar aparır”.
Mikayılov onu da deyib ki, qeyri-neft məhsullarının ixracında fındıq ön pillələrdə dayanır. Fındıq məhsullarının Aİ-na üzv ölkələrinə ixracına imtina hallarının aradan qaldırılması üçün tədbirlər planı hazırlamışıq. Növbəti illər ərzində sistemli şəkildə həyata keçiriləcək bu tədbirlər hesabına ölkədə istehsal olunan fındığın qablaşdırılması, emalı və daşınması Aİ-nın tələblərinə uyğun olacaq. İmtina hallarında əsas arqumentləri sənədləşmədə və nəqliyyat vasitələrində olan problemlər təşkil edir. “Odur ki, Aİ-na üzv ölkələrə göndərilən fındıq və digər məhsulların tələblərə uyğun şəkildə aparılması üçün tədbirlər görürük. Bu isə imkan verəcək fındıqla yanaşı pomidor, xurma və digər məhsulların Avropaya ixracını asanlaşdıraq”, - o qeyd edib.
E.Mikayılovun sözlərin görə, Azərbaycan habelə toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır. Belə ki, sahibkarların müraciətləri nəzərə alınaraq Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər edilib: “Çin bazarına toyuq məhsullarının ixracı ilə bağlı müraciət etmişik. Eyni zamanda Koreya və Çin bazarına gilemeyvələrin də ixracı ilə bağlı danışıqlar gündəmdədir”.