"İnvest-Az"ın dövriyyəsi kəskin azalıb
“İnvest-Az” investisiya şirkətinin əməliyyatlarının həcmində ciddi azalma müşahidə olunur.
Bakı Fond Birjasının məlumatlarına əsasən, 2018-ci illə müqayisədə 2019-cu ildə “İnvest-Az” investisiya şirkətinin əməliyyatlarının həcmi 3,4 dəfə azalıb. Daha dəqiq qeyd etsək, azalma 3 milyard 281 milyon manat və ya 71,25% olub. Belə ki, 2018-ci ildə şirkətin cəmi əməliyyatlarının həcmi 4 milyard 605 milyon manat olduğu halda, 2019-cu ildə bu rəqəm 1 milyard 324 milyon manata düşüb.
Qeyd edək ki, şirkətin əməliyyatlarında azalma əsasən dövlət istiqrazları hesabına baş verib. Belə ki, 2018-ci ildə dövlət istiqrazları üzrə 316 milyon 712 min manatlıq əməliyyat edən şirkətin 2019-cu ildə bu göstəricisi 290 milyon 686 min manat və ya 91,78% (12,16 dəfə) azalaraq 26 milyon 26 min manat təşkil edib.
Şirkətin 2018-ci ildə korporativ istiqrazlarla əməliyyatlarının həcmi 9 milyon 326 min manat olduğu halda, 2019-cu ildə bu rəqəm 4 milyon 889 min manat və ya 34,38% artaraq 14 milyon 213 min manat olub.
2018-ci ildə “İnvest-Az” repo əməliyyatları etmədiyi təqdirdə, 2019-cu ildə bu rəqəm 323 milyon 466 min manat təşkil edib.
Həmçinin, şirkətin səhm bazarına da marağı artıb. Belə ki, 2018-ci ildə səhm bazarında 5 185 manatlıq əməliyyat etdiyi halda, 2019-cu ildə bu rəqəmi 6 milyon 135 min manat artıraraq 6 milyon 140 min manata çatdırıb.
Məlumat üçün qeyd edik ki, şirkətin əməliyyat məbləği azalsa da, əməliyyatları sayca digər investisiya şirkətlərindən çox olub. Belə ki, "İnvest-Az" 2019-cu ildə 3249 əməliyyat edib ki, bu da ən yaxın izləyicisindən 913 əməliyyat çoxdur. (FED)