İranda ikinci Süleymani şoku: SEPAH-ın daha bir komandiri öldürüldü
Mücəddəmi evinə təşkil olunan silahlı hücum nəticəsində qətlə yetirilib
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandiri Qasım Süleymanın öldürülməsinin ardından, İran xalqı növbəti dəfə sarsılıb. AYNA xəbər verir ki, bu dəfə SEPAH-ın “Bəsic” (daxili təhlükəsizliyə məsul olan quru qoşunları) qanadının komandirlərindən olan Əbdulhuseyn Mücəddəmi evinə təşkil olunan silahlı hücum nəticəsində qətlə yetirilib.
İran xəbər agentliklərinin verdiyi məlumata görə, "Bəsic"in Şadqan vilayəti üzrə komandiri Mücəddəmi, Şadqan şəhərində yerləşən evinə bu gün səhər saatlarında naməlum şəxslər tərəfindən silahlı basqın edilib. O, məruz qaldığı hücum nəticəsində həlak olub.
Şadqan vilayətinin rəhbərliyi hücumla bağlı araşdırma başladıldığını və ictimaiyyətin tez bir zamanda məlumatlandırılacağını bildirib.
Qeyd edək ki, SEPAH 1979-cu ilin noyabr ayında Ayətullah Xomeyninin göstərişi ilə qurulmuş könüllü hərbçilərin yer aldığı təşkilatdır. Korpus birbaşa Ali dini rəhbərdən sifariş alır və rəsmi dini mərasimlərin təşkili, sosial xidmətlərin göstərilməsi, müxalif fikirli görüşlərin dayandırılması, eyni zamanda, daxili təhlükəsizlikdə hüquq mühafizə orqanlarının əməkdaşlarına köməkçi qüvvə fəaliyyətlərini yerinə yetirir.