Dializ böhranı ilə bağlı qorxulan oldu - İki xəstə həyatını itirib




"Xəstəxanaya gəlin, araşdırın, görün orda nələr baş verir"



Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində dializ aldıqdan sonra zəhərlənmiş xəstələrdən ikisi vəfat edib. AYNA-ya bu barədə xəstələrin yaxınlarından biri tərəfindən məlumat verilib.

Bildirilib ki, Saatlı rayon sakini Ağayev Əlisa Mahmud oğlu bu gün axşam saatlarında keçinib: “Səhər onu dializə apardıq, qayıdanda özünü yaxşı hiss etmirdi. Evə gətirəndən sonra daha da ağırlaşdı, yenidən xəstəxanaya qaytardıq, tibbi yardım göstərdilər, axşam evə gətirdik. Ancaq vəziyyəti yaxşı deyildi deyə, bu səhər yenidən xəstəxanaya apardıq, yarım saat dializ aldı, gətirdik evə. Bir az olar ki, vəfat etdi”.

Faktı Ə.Ağayevin oğlu Vasif Ağayev də təsdiq etdi: “Bir saat olar ki, atamı itirdik. Xəstəxanaya gəlin, araşdırın, görün, orda nələr baş verir. Xəstələrin birini Bakıya aparmışdılar, o da orda keçinib, qaytarıblar geri”.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ənvər Lümanov isə AYNA-ya açıqlamasında, Bakıya göndərilən xəstənin vəfat etdiyini təsdiqləsə də, adını açıqlamadı: “Sizə dedim axı, o xəstənin mədəsində xroniki yazva var idi deyə, qanaxma baş vermişdi və Bakıya göndərmişdik. Bakıda rəhmətə getdi, buradan təcili yardım göndərdim, gətirdilər. Siz dediyiniz barədə isə məlumatım yoxdur, indi dəqiqləşdirəcəm”.

Təəsüflər olsun ki, baş həkim növbəti zənglərimizə cavab vermədi.

Qeyd edək ki, dünən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində dializ alan xəstələr zəhərləniblər və xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Dializ xəstəsi Əlmədət Ağayevin AYNA-ya verdiyi məlumata görə, dünən günorta radələrində onunla birlikdə beş dializ xəstəsi reanimasiyaya yerləşdirilib. Xəstələrdən birinin isə vəziyyəti ağırlaşdığına görə o, Bakıya, Respublika Kliniki Xəstəxanasına göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu