“Azərişıq” ASC-də hesabat yığıncağı: prezidentin 5 il əvvəl qarşıya qoyduğu vəzifə necə yerinə yetirilir…




“Azərişıq” ASC rəhbərliyi ötən il görülmüş işlərə, ölkə üzrə elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulmasına yönəlmiş layihələrin icrasına yekun vurub. Və 2020-ci ildə görüləcək işləri, qarşıya qoyulmuş vəzifələri müzakirə edib.



Bu barədə virtualaz.org-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Məlumata görə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi toplantıda departament direktorları, idarə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri rəisləri iştirak ediblər. Toplantı həm də “Azərişıq” ASC-nin yaradılmasından 5 il keçdiyi bir vaxta təsadüf edirdi. V.Əhmədov çıxış edərək son 5 ildə elektrik şəbəkəsinin yenidən qurulmasına dair görülmüş işlərdən danışıb.

O, xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə beş il əvvəl-2015-ci il fevralın 10-da “Bakıelektrikşəbəkə” ASC-nin bazasında bütün ölkə üzrə elektrik enerjisinin paylanmasını, satışını həyata keçirən operator şirkət - “Azərişıq” ASC yaradılıb. V.Əhmədovun bildirdiyinə görə, “Azərişıq” ASC-nin yaranması, prezidentin o zaman bəyan etdiyi kimi, bütün bölgələrin elektrik enerjisi ilə təchizatını paytaxt Bakının səviyyəsinə çatdırmaq, istehlakçılara yüksək keyfiyyətlə xidmət göstərmək zərurətindən irəli gəlirdi.

“Ölkə rəhbəri tərəfindən qarşıya qoyulan vəzifə kifayət qədər böyük və məsuliyyətli idi. “Azərişıq” ASC yaradıldıqdan dərhal sonra rəhbərlik və mütəxəssislərimiz mövcud vəziyyəti öyrənərək fəaliyyət planını tərtib etdilər - geniş miqyaslı təmir, yenidənqurma və tikinti işlərinə başlanıldı. İcrasına başlanılmış Proqramın I hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edirdi ki, bu da regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə gətirib çıxardı. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənərək, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırıldı. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji avadanlıqlarla təchiz olundu»,-“Azərişıq” sədri çıxışında bildirib.

Vüqar Əhmədov habelə deyib ki, regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər onların idarə edilməsi, normativlərə əməl olunması, yeni kadr potensialının formalaşdırılması üçün də kompleks tədbirlər həyata keçirilir.

Sitat: “Bizim ən ümdə vəzifəmiz cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək, ölkə başçısının etimadını yüksək səviyyədə doğrultmaqdır. Ötən 5 ilin nəticələri onu deməyə əsas verir ki, biz bu yolda inamla irəli gedirik”.

Daha sonra “Azərişıq” ASC-nin sədri qarşıda duran vəzifələrdən də söz açııb. Toplantı iştirakçılarına bu vəzifələrin yüksək səviyyədə icra edilməsinə dair tapşırıqlar verib.

Digər məruzəçilər də görülən işlər haqda hesabat verərək, tapşırıq və öhdəliklərini uğurla başa çatdıracaqlarına əminlik ifadə ediblər.

Toplantıda ötən beş ildə görülmüş işlərə dair rəqəmlər də təqdim edilib. Belə ki, 2015-2019-cu illər ərzində “Azərişıq” ASC-nin elektrik şəbəkəsinin yenidən qurulmasına dair gördüyü işlərin nəticələri aşağıdakılardır:

- 110 kV-luq yarımstansiyaların tikintisi – 41 ədəd;

- 35 kV-luq yarımstansiyaların tikintisi – 110 ədəd;

- 10-6 kV-luq transformator məntəqəsinin tikintisi – 135 ədəd

- 10-6 kV-luq komplekt transformator məntəqəsnin tikintisi – 3.943 ədəd

-Müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi – 35.505 km

- 110 kV-luq yarımstansiyaların təmiri – 42 ədəd

- 35 kV-luq yarımstansiyaların təmiri – 258 ədəd

- 10-6 kV-luq transformator və komplekt transformator məntəqələrinin təmiri – 12.300 ədəd

- Müxtəlif gərginlikli elektrik verilişi xətlərnin təmiri – 22.000 km.

Habelə ötən 5 ildə cəmi 590 yaşayış məntəqəsinin 0,4 kV-luq elektrik şəbəkələri tam yenidən qurulub. Yeni Yaşma və Şurabad qəsəbələrində Gücü 55 MVt təşkil edən külək elektrik stansiyaları bərpa olunaraq elektrik şəbəkələrinə qoşulub.

Hal hazırda Bakı şəhəri, Binəqədi rayonunda 110/35/6 kV-luq 91 saylı, Ağsu rayonunda “Ağabəyli”, Quba rayonunda “Rustov”, İmişli rayonunda “Muğanlı” və “Aranlı”, Şamaxı rayonunda “İqamətgah” 35 kV-luq yarımstansiyaların tikintisi aparılır. 2020-ci ildə 77 kəndin 0,4 kV-luq elektrik şəbəkələrinin yenidənqurulması nəzərdə tutulur ki, hazırda 20 kənddə bu istiqamətdə işlər davam etdirilir. Hər region üzrə 5 ədəd 35 kV-luq yarımtansiyanın əsaslı təmir işlərinin aparılması planlaşdırılıb. O cümlədən 27 dağ kəndinin elektrik şəbəkələrinin yenidənqurulması üçün layihə işləri aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu