İlham Əliyev: "Nikol Paşinyan hərbi işğal faktını etiraf edib" - FOTOLAR
"Baş nazir Nikol Paşinyan hərbi işğal faktını etiraf edib. Deyib ki, onun öz oğlu erməni silahlı qüvvələrinin sıralarında Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edir".
AFN Prezidentin köməkçisi Hikmət Hacıyevin "Twitter" səhifəsinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.
21.29
Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada Prezident İlham Əliyev bildirib ki, ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Azərbaycan Prezidenti qeyd edib ki, heç bir ölkə Dağlıq Qarabağı tanımır.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev "twitter” səhifəsində bildirib.
"Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirdi, o cümlədən Xocalı soyqırımını" deyə İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir: "BMT TŞ qətnamələrinin erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur".
Münhenə həqiqəti söyləmək üçün gəldiyini deyən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Dağlıq Qarabağda Ermənistanın tarixi irsi yoxdur.
"Bütün erməni rəhbərləri fərqli yolla status-kvonun saxlanmasına çalışdılar. Azərbaycanlı məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu erməni əsgərləridir. Onlar bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt.
Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.