Ərdoğanın miqrant kartı Avropanı küncə dirəyib: Dünya mediası




Yunanıstan sərhədlərinin qorunmasının maksimum səviyyəyə çatdırdığını açıqlayıb. Baş nazir Kiryakos Miçotakis bazar günü Afinada təşkil edilən Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısından sonra verdiyi açıqlamada sığınacaq axtaran suriyalıların qarşısını almaq üçün Türkiyə sərhədlərində nəzarətin ən yüksək səviyyəyə qaldırılacağını bildirib. Miçotakis Türkiyə ilə sərhəddə quru və dəniz patrul nəzarətinin də daha intensiv aparılacağını qeyd edib.



Qaynarinfo xəbər verir ki, ANKA-nın hesabatına görə, hökumət sözçüsü Stelios Peças yığıncaqdan sonra verdiyi açıqlamada ölkənin təhlükəsizliyi üçün asimmetrik bir təhdid yarandığını söyləyib. Hökumət sözçüsü bildirib ki, "Türkiyə sərhədlərini açaraq diplomatik təzyiq tətbiq etməyə çalışır. Ankara beləcə insan qaçaqçısı vəziyyətinə düşüb".

5 maddəlik fəaliyyət planını izah edən Peças Yunanıstanın bir ay müddətinə yeni miqrant müraciətlərini qəbul etməyəcəyini açıqlayıb. Sərhədlərin qorunmasını maksimum dərəcədə artırdıqlarını bildirən Yunan hökumətinin sözçüsü Yunanıstan ərazisinə qanunsuz girən mühacirlərin ölkələrinə geri qaytarılacağını söyləyib.

Miçotakis isə Tvitterdə paylaşdığı açıqlamada bildirib: "Yunanıstan sərhədləri Avropanın xarici sərhədidir. Biz onu qoruyacağıq. Avropa Komissiyasının sədri Çarlz Mişel ilə Türkiyə-Yunanıstan Meriç sərhədini ziyarət edəcəyik. Bir də Yunanıstana girməyə cəhd etməyin. Geri qaytarılacaqsınız".

Sözçü iki liderin də "Mövcud vəziyyətdə Türkiyə ilə dərhal siyasi danışıqlara başlamağın vacibliyi" məsələsində razılaşdıqlarını bildirib.

Bu arada Bolqarıstan da miqrantların qarşısını almaq məqsədiylə Türkiyə sərhədində təhlükəsizlik tədbirlərini artırıb.

Bu arada BBC-dən Muğira Əl Şərif suriyalı mühacir Əhməd Əbu Emadın Yunanıstana keçmək istəyərkən Yunanıstan Sərhəd Təhlükəsizliyi tərəfindən öldürüldüyünü iddia edib.

İstanbulda yaşayan jurnalist Muğira Əl Şərif Tvitterdəki mesajında Hələbdən olduğunu bildirdiyi Əhməd Əbu Emadın bu səhər 09.07-də İpsala yaxınlığında boğazından vurularaq öldürüldüyünü və Türkiyəyə aparıldığını iddia edib. Əl Şərif hadisədən sonra çəkilən videonu da paylaşıb.

"Röyter” xəbər agentliyi isə Lesbos adası sahillərində boğulan bir körpə uşağın cəsədinin çıxarıldığını yazıb. "Röyter”ə danışan yunanıstanlı bir polis məmuru da dünən səhərdən etibarən ən azı 1000 mühacirin Egey adalarına keçdiyini bildirib.

Yunanıstan tərəfi ölüm faktını təkzib edib və yayılan videonun yalan olduğunu iddia edərək bunun Türkiyə təbliğatı olduğunu bildirib.

Türkiyənin Avropaya getmək istəyən miqrantlara Ədirnədəki sərhəd qapılarını açmasından sonra AB-nin qaçqınlarla bağlı siyasəti Alman qəzetlərinin şərh sütunlarında da geniş yer alıb.

"Frankfurter Rundschau” qəzeti Türkiyədən artan qaçqınların fonunda Avropa Birliyinin qaçqın siyasətini belə qiymətləndirib:

"Bu arada Aİ-nin bütün problemlərinin kökündə qaçqın siyasətinin insani standartlara görə tənzimləməyi bacarmamasının və istəməməsinin durduğu amansız formada gözümüzün qabağındadır. Ankara qaçqınlardan şantaj kartı kimi istifadə edir. Afina bibər qazı ilə cavab verir, AB Fronteksi Egeyə göndərir. Dənizdəki maskalı insanların qaçqın qayığının mühərrikini məhv etdiyi bildirilir... Bunlar gələcək və yaşamaqdan başqa bir şey istəməyən silahsız insanlara qarşı istifadə olunan hələ adı qoyulmamış çirkin savaşa dair gələn xəbərlərdir".

Berlində çıxan "Tagesspiegel” qəzeti də mövzunu aşağıdakı kimi şərh edib:

"Çox güman ki, Ərdoğanla avropalılar arasında baş verən son güc nümayişi hansısa şəkildə həll ediləcək. Brüsseldən bir neçə əlavə maliyyə öhdəliyi ilə hər iki tərəfin nüfuzunu itirməməsi təmin ediləcək. Bununla birlikdə problem köklü şəkildə həll olunmayacaq. Çünki bir tərəfdən Ərdoğanın AB-ni Suriya və Rusiya ilə yaşadığı böhranən içinə çəkməsinə imkan verməmək məqbuldur, digər tərəfdənsə danılmaz bir həqiqət var: Birlik hələ də ortaq qaçqın siyasətinə sahib deyil və bu, zəifliyin üzərində siyasət quran Ərdoğan kimi siyasətçilərin əlinə işləyir".

AB və qaçqın böhranı haqda "Stuttgarter Zeitung" qəzeti isə bunları yazıb:

"Proseslərə praqmatik baxsaq, AB rahatlığını qısa müddətlik olsa belə, satın almaq üçün sadəcə qəbz dəftərindən istifadə edə bilər. Bu, heç də yaxşı deyil, çünki Qərbin nə qədər şantaja açıq olduğunu amansızcasına ortaya qoyur. Ancaq hazırda başqa bir yol da yoxdur".

"Straubinger Tagblatt” isə Türkiyədən gələn qaçqınların sayındakı artımı Almaniyadakı siyasi atmosfer ilə əlaqədə belə qiymətləndirib:

"Bu proseslər Angela Merkelin partiyası üçün qətiyyən uyğun olmayan bir vaxta təsadüf edir. Xristian Demokratik Birliyi yeni bir axtarışdadır və yeni partiya liderini müəyyənləşdirməyə çalışır. Miqrant siyasətinə dair müzakirələr əvvəlki illərdəki kimi qızğınlıqla aparıldığı şəkildə aparılarsa, bu, partiyanın obyektiv müzakirələrdən uzaqlaşmasına səbəb olacaq. Hətta Baş nazir Merkel bu girdaba cəlb oluna bilər. Nəzərə alsaq ki, partiyada onun vəzifəsini vaxtından əvvəl tərk etməsini istəyənlərin sayı az deyil. Bu məqamda siyasi bir həll tapılmalıdır və həm də dərhal. Əks təqdirdə Almaniya koronavirus həyəcanına belə kölgə salacaq şiddətli dartışmalarla üzləşə bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu