Meşələrə amansız münasibət göstərənlər öz layiqli cəzalarını alıb - Nazir müavini




Qəbələ və Oğuz rayonlarının meşə sahələrindən ağacların kəsilməsi çox üzücü bir faktdır. Meşələrə belə amansız münasibət göstərənlər öz layiqli cəzalarını alıb.



Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Qəbələdə meşə gözətçilərinin həbs edilməsinə münasibət bildirərkən deyib.

Nazir müavini əlavə edib ki, 2019-cu ildə və 2020-ci ilin ötən dövrü ərzində ölkə üzrə meşə təsərrüfatı mərkəzlərində ağac kəsənlərlə əlbir olan və ya ağac kəsintisində iştirak edən onlarla meşə işçisi vəzifəsindən azad edilib və onların bu sahədə bir daha çalışa bilməməsi üçün əmək kitabçalarına Əmək Məcəlləsinin müvafiq maddələri üzrə qeydlər yazılıb. 2019-cu ildə cinayət tərkibi yaradan 265 iş, 2020-ci ildə isə 41 iş tərəfimizdən hüquq - mühafizə orqanlarına göndərilib:

"Qəbələ və Oğuz meşələrində ağac kəsintisi faktı daha geniş miqyas aldığından bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tədbir görüb. Meşə qıranların ciddi cəzalandırılması üçün ardıcıl mübarizə aparılır və bu tədbirlər bundan sonra da davam etdiriləcək. Lakin meşə sahələrinin bəlli bir darvazası yoxdur ki, onu bağlamaqla kənar müdaxilələrin qarşısını alasan. Meşələrimiz ümumxalq sərvəti olduğu üçün onun mühafizəsində yalnız müvafiq dövlət orqanları deyil, bütövlükdə cəmiyyət iştirak etməlidir və kimliyindən asılı olmayaraq ağac kəsən hər kəs ciddi şəkildə cəzalandırılmalıdır".

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər həyata keçirilərkən məlum olub ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir.Araşdırmalarla məlum olub ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunub.

Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barədə cinayət işi başlanılmış, hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu