Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin həbs müddəti uzadıldı
Nəsimi Rayon Məhkəməsində Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Bu barədə “Report”a İ.Süleymanovun vəkili Əlibaba Rzayev məlumat verib.
O bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ.Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 4 ay artırılıb.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.
Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.