“Aprel və may aylarında aylıq 190 manat birdəfəlik yardım...” – Millət vəkili
"Şadlıq saraylarında aşpaz işləyənlər də yardım ala biləcək".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslər də qeydiyyatdan keçməlidir:
"Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiq olunduqdan sonra ən çox verilən suallardan biri də koronavirus pandemiyasınadək əmək müqaviləsi olmadan çalışan vətəndaşlarımıza hansı dəstəyin olması ilə bağlıdır. Təbii ki, hər bir işçinin leqal sektorda əmək müqaviləsi ilə çalışması daha arzuolunandır. 2019-cu ildə gizli iqtisadiyyatın miqyası ciddi şəkildə azalsa da, belə yenə də qeyri-formal iqtisadiyyatda çalışan vətəndaşlarımız var. Prezidentin koronavirusun sahibkarlara və eləcə də vətəndaşlara təsirlərinin minimallaşdırılması ilə bağlı tapşırığı hər bir vətəndaşa dəyən ziyanın azaldılması ilə əlaqədardır. Məhz bu səbəbdən də prezidentin tapşırığı ilə koronavirusun iqtisadiyyata təsirlərinin minimallaşdırılması ilə bağlı tədbirlərin büdcəsi 1 milyard manatdan 2.5 milyard manatadək artırıldı. Bu isə yardımların daha çox vətəndaşımızı əhatə etməsinə imkan yaradacaq".
Vüqar Bayramov qeyd edib ki, 2020-ci il martın 10-dək əmək müqaviləsi olmadan çalışan və Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olmayan vətəndaşarımızın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında elektron qeydiyyatı həyata keçirilməsi məqsədəuyğun olardı:
"Əmək müqavilələrinin elektron olduğunu nəzərə alsaq, bu baxımdan qeyri-leqal sektorda çalışanların qeydiyyat prosesinin təşkili texniki baxımdan çətin deyil. Məsələn, əgər vətəndaşımız şadlıq sarayında aşpaz kimi əmək müqaviləsi olmadan çalışırdısa və koronavirusa görə iş yeri müvəqqəti olaraq bağlanıbsa, o zaman həmin şəxsə qeydiyyatdan keçmək və yardım almaq imkanının tanıdılması məqsədəuyğun olardı. Bu zaman həmin vətəndaşlara aprel və may aylarında aylıq 190 manat birdəfəlik yardımın ödənilməsi mümkündür. Bu daha çox vətəndaşımızın yardımlardan yararlanmasına imkan yaradacaq. Sosial paket davamlı olduğu üçün koronavirusun hər bir vətəndaşımızın gəlirlərinə təsirlərinin minimallaşdırılmasına imkan verəcək".