Prezidentin köməkçisi: “Koronavirusun yenidən ölkəmizə idxal olunması baş verə bilər”
"Xüsusi karantin rejimi ilə bağlı hazırda proseslər kompleks şəkildə təhlil edilir".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, təhlilin nəticəsi olaraq karantin rejiminin bu vəziyyətdə və yaxud digər şərtlərlə davam etdirilməsi barədə məlumat veriləcək: "Nəzərə almaq lazımdır ki, Azərbaycanda koronavirusla bağlı vəziyyətin müsbət dinamikada dəyişməsi bunun bütün dünyada belə olması demək deyil. Hazırda dünya ölkələrində infeksiyanın alovlanmasını görürük. Ona görə də virusun yenidən ölkəmizə idxal olunması baş verə bilər. Hazırda ölkə daxilində, həm region, həm də qlobal formada vəziyyətin araşdırılması davam edir".