Azərbaycan Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilib
Azərbaycanın milli və regional səviyyədə miqrasiyanın idarəedilməsi sahəsində əldə etdiyi mühüm uğurları nəzərə alınaraq, ölkəmiz Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilib.
Dövlət Miqrasiya Xidmətindən AFN-ə verilən məlumata görə, 2007-ci ildə təsis edilmiş Miqrasiya və İnkişaf üzrə Qlobal Forum miqrasiya və inkişaf məsələlərinin qlobal miqyasda müzakirə olunduğu, Birləşmiş Millətlər Təşkilatına üzv bütün dövlətlərin, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının iştirak etdiyi ən böyük prosesdir. Forumun məqsədi miqrasiya sahəsində mövcud regional məsləhətləşmələri dəstəkləmək, eləcə də milli və beynəlxalq səviyyədə miqrasiya və inkişaf üçün vahid yanaşmanı təşviq etməkdən ibarətdir. Hazırda 29 dövlətin təmsil olunduğu Rəhbər Qrup Forumun işinin ümumi strateji istiqamətləndirilməsini həyata keçirir, fəaliyyətdə olan sədrə dəstək verir və prosesin davamlılığını təmin edir. Həmçinin, ehtiyac olduqda, Forumun gündəliyinin və iş planının işlənib hazırlanması ilə əlaqədar Forumun sədrinə tövsiyələr verir.
Forumun Rəhbər Qrupunda təmsilçilik ölkəmizin qlobal səviyyədə miqrasiya idarəçiliyində fəal iştirakını təşviq edəcək, Azərbaycanın bu sahədə yaxşı təcrübələrinin bölüşdürülməsinə töhfə verəcəkdir.