Azərbaycana giriş-çıxışa tətbiq olunan məhdudiyyətin vaxtı uzadıldı
Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
AFN-in xəbərinə görə, məlumatda deyilir:
"Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb".