İcaze.e-gov.az-da qeydə alınan icazələrin müddəti uzadıldı - BU TARİXƏDƏK




Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalında qeydə alınmış bütün icazələrin müddəti sistem tərəfindən 2020-ci il 31 may tarixinədək avtomatik olaraq uzadılır.

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Elnur Niftəliyev məhdudiyyətləri və icazələri belə sadalayıb:

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

- Eyni zamanda qurum və təşkilatlar 31 may tarixinədək avtomatik uzadılmış icazələrin müddətini istədikləri vaxta tənzimləyə bilər.

- 8103 SMS icazə sistemi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda 31 may tarixinədək qüvvədə olacaqdır.

- Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda həmin sahələr üzrə xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədə olduğundan SMS icazə sistemindən istifadə etməlidirlər.

- Vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün 2-ci kod üzrə icazə ala bilərlər.

- Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir.

- Vətəndaşlar icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu