Tərtərdə koronavirus infeksiyası ilə bağlı maarifləndirmə işləri aparılır
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupun üzvləri Tərtər şəhərində və rayonun kəndlərində sakinlərlə söhbətlər aparır, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirirlər.
Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir. Həmçinin mobil qrupun üzvləri rayon ərazisində fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərinə baş çəkir, buradakı vəziyyətlə yaxından tanış olurlar. Xidmət sahələrində çalışan işçilərlə maarifləndirmə söhbətləri aparılır, karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi vurğulanır. Diqqətə çatdırılır ki, mövcud vəziyyətlə əlaqədar olaraq işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı bir sıra dezinfeksiya tədbirlərinin görülməsi labüddür. Habelə xidmət sahələrində ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsinin əhəmiyyəti də qeyd edilir.
Qeyd edək ki, əhalinin koronavirusla bağlı maarifləndirilməsi məqsədilə Tərtər şəhərinin əsas giriş küçələrində, əhalinin daha çox istifadə etdiyi ərazilərdə xüsusi lövhələr yerləşdirilib, Mərkəzi Meydanda quraşdırılmış monitor vasitəsilə xüsusi hazırlanmış videoçarxlar nümayiş olunur.