Azərbaycanda taxıl biçininə hazırlıq prosesi yekunlaşır




May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə start veriləcək. Bununla əlaqədar “Aqrolizinq” ASC tərəfindən biçinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Hazırda mövcud kombaynlara texniki baxış keçirilir, GPS cihazlarında sazlanma işləri aparılır, həmçinin nasaz vəziyyətdə olan texnikaların təmiri işləri həyata keçirlir.



AFN-ə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu il respublikada biçinə ümumilikdə 1700-dən çox taxılbiçən kombaynın cəlb olunması gözlənilir. Bunun 700-dən çoxu “Aqrolizinq” ASC-yə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən il olduğu kimi bu il də “Aqrolizinq” ASC tərəfindən ilk növbədə 50 hektara qədər olan taxıl sahələrində biçin aparılacaq. Biçin qiymətləri də ötən ildə olduğu kimi qalır. 1 hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır.
Biçinə hazırlıq prosesinin əsas istiqamətləri biçin prosesində rayonlar üzrə texnikaya tələbatın müəyyən edilməsi, texnikanın düzgün dislokasiyası, biçin zamanı kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsidir. Bu məqsədlə “Aqrolizinq” ASC-nin əməkdaşları tərəfindən karantin rejiminin qaydalarına əməl edilməklə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparılır. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilir, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilir. Bu il biçin zamanı növbəliliyə riayət edilməsi və növbə pozuntusunun aradan qaldırılması prosesinə icra nümayəndəlikləri və bələdiyyələr də cəlb ediləcək. Biçinə nəzarət Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Mərkəzi Qərargah tərəfindən, yerlərdə isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən GPS trekerlər vasitəsi ilə həyata keçiriləcək.
Hazırda fermerlərə biçində növbəliliyin təmin edilməsinin vacibliyini əks etdirən bukletlər paylanır, kənd və qəsəbələrin mərkəzi yerlərində məlumatlatlandırıcı elanlar vurulur. Bu istiqamətdə ilk maarifləndirici görüşlər düşmənlə təmas xəttində yerləşən Füzuli rayonunun Qazaxlar kəndində, Ağcabədi, Beyləqan, Sabirabad, Hacıqabul, Ağdaş, Yevlax, Bərdə, Tərtər rayonlarında keçirilib. Görüşlər respublikanın taxıl əkilmiş bütün rayonlarını əhatə edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu