Bu nazirliyin 15 əməkdaşında koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA
Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanların olduğunu açıqlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, koronavirus təhlükəsi yaranan ilk günlərdən FHN də bu təhlükə ilə ön cəbhədə fəal mübarizə aparan dövlət qurumları sırasındadır:
"Belə ki, hələ fevral ayından nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər.
Bu səbəbdən bu günə kimi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sıralarında xidmət edən 15 nəfərin virusa yoluxma faktı təsdiqini tapıb. Onlardan 11 nəfər tam sağalaraq, artıq xidmətə qayıdıb, dörd nəfərin müalicəsi isə davam edir, vəziyyətləri normaldır”.
O qeyd edib ki, yoluxan əməkdaşların əksəriyyəti 22-35 yaş aralığında olan şəxslərdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, COVID-19-a yoluxma halı qeydə alınmayıb.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar nəzarət daxili işlər orqanlarının əməkdaşlarına həvalə edilib:
"Bu sahədə nəzarəti həyata keçirən polis və daxili qoşunların hərbi qulluqçuları öz sağlamlıqlarını riskə qoyaraq, vətəndaşlarımızın koronavirus infeksiyasına yoluxmaması üçün gücləndirilmiş iş rejimində xidmət edirlər. Gündə minlərlə insanla təmasda olan polis əməkdaşlarının bu virusa yoluxmaları da qaçılmazdır.
Bugünədək bir neçə əməkdaşımızda müayinə zamanı infeksiya aşkar edilib və dərhal da xüsusi tibbi müəssisələrə yerləşdiriliblər”.
DİN rəsmisi qeyd edib ki, onlardan artıq sağalıb evə buraxılanı və müalicəsini davam etdirəni də var.
İqtisadiyyat Nazirliyindən də bildirilib ki, qurumun əməkdaşları arasında koronavirus (COVID-19) infeksiyasına yoluxan yoxdur:
"Nazirliyin və tabeliyindəki qurumların əməkdaşları xüsusi rejimli karantin şəraitində müəyyən edilmiş iş rejiminə və tələblərə uyğun olaraq əmək fəaliyyətini davam etdirirlər”.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat katibi Nuridə Allahyarova Oxu.Az-a bildirib ki, nə qurumda, nə də tabeliyindəki "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əməkdaşları arasında COVID-19-a yoluxan yoxdur.
Azərbaycan Mərkəzi Bankdan da Oxu.Az-a qeyd edilib ki, əməkdaşları arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.