“Oqtay Gülalıyevin Bakıya gətirilməsi daha məqsədəuğundur” - Professor
"Oqtay Gülalıyevin Bakıya gətirilməsini daha məqsədəuğun hesab edirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Türkiyədən müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətindən danışarkən deyib. Adil Qeybulla qeyd edib ki, Oqtay Gülalıyevin komadan ayılması üçün zaman lazımdır: "Hələ o vaxt mən onun Azərbaycanda qalıb müalicəsinin davam etdirilməsini məqsədəuyğun hesab edirdim. Hadisələr göstərdi ki, bu, daha düzgün qərarmış. İkinci tərəfdən artıq onun komadan ayılması üçün zaman lazımdır. Vaxta ehtiyac var. Bu baxımdan hesab edirəm ki, onun Bakıya gəlməsi, müalicəsini burada davam etdirilməsi daha məqsədəuyğun olardı”.
Professor bildirib ki, onunla bağlı son qərar ailəyə aiddir: "Amma bütün bunlara baxmayaraq, qərarı ailə verir və biz bu qərara qarışa bilmərik”.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına, oradan isə Amerikan Xəstəxanasına yerləşdirilib.