Valideynlər Gömrük Akademiyasına təşəkkürlərini bildiriblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzovun təşəbbüsü ilə övladları Akademiyada təhsil alan valideynlərlə onlayn forum keçirilib. Akademiyanın struktur bölmə rəhbərlərinin, kafedra müdirlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanın bir sıra bölgələrindən, o cümlədən Gəncə, Şəmkir, Yevlax, Naxçıvan Muxtar Respublikası, Lənkəran, Zaqatala və Bakı şəhərindən valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov bütün dünyada, o cümlədən Azərbaycanda yayılmış COVİD-19 pandemiyası ilə bağlı danışaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların sağlamlığının qorunması naminə ölkəmizdə bu istiqamətdə aparılan tədbirlərdən, dövlət tərəfindən atılan məqsədyönlü addımlardan söz açıb.
Akademiyada mart ayı ərzində bu istiqamətdə işlərin həyata keçirildiyini deyən Qulu Novruzov martın 30-dan tələbələrin onlayn dərslərə cəlb edilərək, gündəlik dərs cədvəli əsasında cədvələ tam uyğun vaxtda və müddətdə tədrisin həyata keçirildiyini bildirib. Qulu Novruzov Azərbaycan ali təhsil müəssisələri içərisində Akademiyanın onlayn tədris prosesinin təşkilinə görə ölkədə öncül yerdə duran ali məktəb olduğunu vurğulayıb. “Akademiya Azərbaycanda onlayn tədrisi təşkil edən ali məktəblər arasında ilk yerlərdən birini tutur. Akademiya xüsusi təyinatlı ali təhsil müəssisəsi olaraq bu prosesi daha mükəmməl və səmərəli təşkil edib” – deyə o, bildirib. Bəzi tələbələrin onlayn tədris prosesinə texniki cəhətdən qoşula bilmədiklərini deyərək, Akademiyanın 65 faiz tələbəsinin dərslərdə iştirak etdiyini və bunun yaxşı göstərici olduğunu qeyd edib. Qulu Novruzov Akademiya tərəfindən hər zaman tədris prosesinin keyfiyyətli təşkilinə və kadr hazırlığının keyfiyyətinə təsir edəcək bütün işlərin görüldüyünü, tələbələrin biliklərə yiyələnmələri, gələcəkdə iş fəaliyyətində səriştələr əldə etmələri üçün bütün addımların atıldığını bildirib. O, dərslərə qoşulma imkanı olmayan tələbələr üçün əlavə olaraq intensiv tədris prosesinin və semestr imtahanlarının təşkil olunacağını qeyd edib.
Akademiya rəisi qiymətləndirmə prosesi ilə bağlı danışaraq, hazırda semestr daxili imtahanların başlanıldığını, bu prosesin uğurla həyata keçirildiyini və tələbələrin qiymətləndirmədən məmnun qaldığını deyib. Semestr daxili imtahanların bir neçə fənn üzrə nəticələrinin çox uğurlu olduğunu diqqətə çatdırıb. Həmçinin o, iyunda semestr imtahanlarının keçiriləcəyini deyib.
Valideynlər Akademiya tərəfindən aparılan işlərə, tədrisin onlayn təşkilinə, qiymətləndirmə ilə bağlı qəbul olunan qaydalara dəstək verdiklərini bildiriblər. Onlayn tədris prosesinin yüksək səviyyədə təşkili və karantin dövründə onlayn dərslərin gündəlik keçirilməsinə, həmçinin valideynlərlə görüşə görə təşəkkür ediblər. Çıxış edən valideynlər övladlarının Akademiya tələbəsi olmaları və bu ali təhsil müəssisəsində təhsil aldıqları ilə qürur duyduqlarını bildiriblər, Akademiya rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
Qulu Novruzov Akademiya tərəfindən atılan addımların həyata keçirilməsində verdikləri dəstəyə görə bütün valideynlərə minnətdarlığını bildirib. Akademiya rəisi onların rolunu yüksək qiymətləndirərək, gələcəkdə də valideynlərin prosesdə yaxından iştirakına ümid etdiyini deyib. Qulu Novruzov valideynlərə övladlarının təhsilinə göstərdikləri diqqətə görə təşəkkür edib.