Postlarda niyə sıxlıq yaranır: Necə gedib, necə gəlirlər? (AÇIQLAMA)
"Bakı qeydiyytaında olan vətəndaşların ümumiyyətlə, rayona gedişinə icazə verilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev koronavurusa görə iyunun 14 və 15-i elan olunan iki günlük sərt karantin rejimində rayonlara üz tutan vətəndaşlardan danışarkən deyib.
Onun sözlərinə görə, postlardan buraxılan vətəndaşlar ancaq rayon qeydiyyatında olanlardır:
"Rayon qeydiyyatında olan, amma Bakıda işləyən vətəndaşlar bütün yayı rayonda keçirəcəklərini, evlərinin orada olduqlarını bildirdilər. Həmin formada da öz evlərinə buraxıldı. Onlara xəbərdarlıq edildi, bildirildi ki, əgər siz iki günlük elan olunan karantin rejiminə görə rayona gedirsinizsə, Bakıya qayıda bilməyəcəksiniz. Çünki sizin şəhər qeydiyyatınız yoxdur. Onlar da uzun müddətli qalmağa getdiklərini dedilər. Evi rayonda olan vətəndaşı biz buraxmaya bilmərik. Həmin adamlar postlarda sıxlıq yaradıblar və Bakı qeydiyyatında olanların bəziləri postlardan geri qaytarılıblar. Portalda 70 minə yaxın şəxsin ölkə daxilində hərəkətinə rəsmi icazə verilib, bundan əlavə, həmçinin yükdaşıma ilə məşul olanlar, Mərkəzi Rayon Xəstəxanalarının göndərişi ilə Bakıya müayinə və müalicəyə gələnlər də var. Bunlar respublikanının bütün istiqamətlərindən gələndə, sözsüz ki, postlarda sıxlıq yaşanmalı idi. Baxmayaraq ki, biz ayın 12-dən əhaliyə məlumat verdik ki, iki gün üçün rayonlara getməyin. Bakı qeydiyyatında olan adamların ümumiyyətlə, gedişinə icazə verilmir”.
Professor Adil Qeybulla isə vətəndaşların Nabrana axını ilə bağlı araşdırma apardığını bildirib:
"Postlarda vətəndaşları müəyyən yollarla rayonlara buraxırlar. Bizdə hər şey Azərbaycansayağı olub. Bu, nəyə görədir? Bu gün rayonlara xeyli insan gedir. Hansı yollarla? Deməli, yollar var. Sərt karantinin adı var. Karantin əslində öncə vətəndaşların şüuruna hesablanmalıdır. Əgər bu elan olunubsa, nəyəsə hesablanıb və ona əməl etmək lazımdır. Yox, əməl edilmirsə, onda sərt tədbirlər olmalıdır. Yəni, cəza verilməlidir. Əgər bu boyda insan rayonlara gedirsə, bu ciddi problemdir. Bununla dövlət orqanları məşğul olmalıdır. Bizə də məlumdur ki, insanlar vəziyyətdən istifadə edirlər. Bunun qarşısı alınmalıdır. Əslində bizi bu vəziyyətə karantin qaydalarına hörmətsizlik, vətəndaş məsuliyyətsizliyi gətirib çıxardıb”.