Karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunub - FOTO
Qazaxda ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AFN-ə verilən məlumata görə, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Qazax rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.
Lakin, əfsuslar olsun ki, görünən bu tədbirlərə baxmayaraq, karantin rejiminin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir. Bununla bağlı Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maarifləndirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.
Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.