Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı
Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından bu gündən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunur. Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib.
AFN xəbər verir ki, gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır.
Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən aşağıda qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:
4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;
11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.
Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) çalışan vətəndaşların daşınmasını təmin etməkdir.