Azərbaycanda yeraltı su ehtiyatının olduğu ərazilər açıqlanıb




“Ölkənin su ehtiyatlarının 75 faizindən çoxu digər ölkələrdə formalaşır, sonra Azərbaycana gəlir. Bu mənada hazırda istifadə etdiyimiz suyun miqdarı ərazimizdə formalaşan su ehtiyatlarından 2 dəfə çoxdur. Bu da onu göstərir ki, yerli su ehtiyatları ilə özümüzü su ilə təmin etməyimiz ciddi problemdir”.



AFN
xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qanıx-Əyriçay vadisi, Qusar maili düzənliyi, Lənkəran ovalığı, Qarabağ düzündə kifayət qədər yeraltı şirin su ehtiyatları var: “Amma bu yeraltı su ehtiyatlarının heç də hamısı istifadə üçün yararlı deyil. Şirin su kimi istifadə imkanı olanlardan istifadə olunmalıdır. Yeraltı su ehtiyatlarından istifadə edərkən ekoloji balans, yeraltı suya daxil olan, yeraltı sudan götürülən suyun miqdarı düzgün hesablanmalı, bundan ötrü də ciddi elmi tədqiqatlar aparılmalıdır. Kür dağarası çökəkliyində aparılan tədqiqatlar göstərir ki, Aran rayonlarımızın şirin su və suvarma suyuna olan ehtiyacları ciddi problem olaraq qalır. Bu məsələnin həlli üçün dövlət tərəfindən kifayət qədər dəstək göstərilib. Amma ayrılan vəsaitlərin istifadəsində olan problemlər bu məsələni kifayət qədər həll etməyə imkan verməyib. Bəzi rayonlarda yeraltı sulardan istifadə üçün geniş imkanlar hələ də var. Məsələn, Qusar maili düzənliyi ərazisində çox dərinlikdə olduqca zəngin su ehtiyatları var. Bu su ehtiyatlarının qidalanmasında Qusar maili düzənliyindən axan çayların çox böyük əhəmiyyəti var. Həmin çaylar daim bu yeraltı suların təzələnməsində, onların ekoloji cəhətdən sağlamlığının qorunmasında böyük rol oynayır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu