190 manat birdəfəlik müavinət avqust ayında da veriləcək? - AÇIQLAMA
AzTV-də Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov sərt karantin rejiminin daha iki həftə uzadılmasının nəzərdə tutulduğunu bildirib. Sərt karantin rejimi davam edərsə, 190 manat birdəfəlik müavinətin avqust ayında da verilməsi gözlənilirmi?
AFN xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırda koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkəmizin 16 şəhər və rayonunda sərt karantin rejimi tədbiq edilir.
“Sərt karantin rejimi tədbiq edilən şəhər və rayonlarda aprel-may aylarında 190 manat birdəfəlik müavinəti alan bütün vətəndaşlarımıza ödəmələr yenidən təmin olunmuşdu. 290 minə yaxın vətəndaşa yenidən bu yardımlar ödənilib. Bilirsiniz ki, sərt karantin rejimi iyulun 20-nə kimi nəzərdə tutulmuşdu.
Artıq iki həftə də uzadılsa, bu, avqust ayının 5-nə kimi təsadüf edir. Əgər Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 5-dən sonra da sərt karantin rejimini uzadarsa, 190 manat birdəfəlik müavinətin verilməsi ilə bağlı qərar qəbul edilə bilər. Amma bilirsiniz ki, sərt karantin rejiminin ikihəftəlik uzadılması ilə 190 manat birdəfəlik müavinətin veriləcəyi real səslənmir. Amma hər halda bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir.
Ölkə rəhbəri hansı göstərişi verərsə, o istiqamətdə də addımlar atılacaq. İstənilən halda Azərbaycanın güclü iqtisadiyyatı var. Ona görə də bu gün maliyyə problemlərimiz yoxdur. Gələcəkdə də bu istiqamətdə problemlərin olacağı görünmür. Düşünürəm ki, gələcək günlərdə Operativ Qərargahın verəcəyi qərarlara uyğun bu məsələyə baxıla bilər”.