Prezidentin vəsait ayırdığı yolun təmiri niyə gecikir? - VİDEO
Xırdalanda yol problemi bitmək bilmir ki, bilmir. Hətta bəzi küçələrdə yol infrastrukturunun bərpası üçün ötən il ölkə başçısı külli miqdarda vəsait də ayırıb. Amma, hazırki vəziyyətdə həmin ərazilərdə kələ-kötür yollardan başqa gözə çarpan nəsə yoxdu. Elə sakinlərdə illərdi həll oluna bilməyən yol problemlərindən bezib...
AFN BAKU.TV-yə istinadən xəbər verir ki, yolların bu vəziyyətdə olması sürücüləri də narahat edir.
Onlar deyir ki, kələ-kötür yollar səbəbilə avtomobillərin ehtiyat hissələri tez tez sıradan çıxır.
Məsələ ilə bağlı AAYDA-dən bildirdilər ki, həmin ərazilərdə hazırda təmir işləri aparılır. Lakin, bütün küçələrin tam bərpasının başa çatdırılması ilin sonuna qədər çəkəcək.
“Xırdalan şəhərində 5.1 km uzunluğunda H.əliyev küçəsinin və 5.4 km uzunluğunda olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin təmiri nəzərdə tutulurdu. Nizami və Qalubiyyə küçələrində təmir yekunlaşıb. H.Z Tağıyev və və S.Bəhlulzadə küçələri də ilin sonuna qədər təmir olunacaq.”-deyə AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib.
Qeyd edək ki, ölkə başçısı iki dəfə Xırdalan şəhərində yol infrastrukturunun bərpası üçün ümumilikdə 6.9 milyon manat vəsait ayırıb. Amma, ayrılan vəsaitlərə rəğmən Xırdalan şəhərində bir çox daxili yollar o cümlədən də elə bizim işıqlandırdığımız H.Z.Tağıyev küçəsi təmirsiz qalıb. Ümid edirik ki, bu barədə hərşey aidiyyatın qurumun dediyi kimi olar və təmir işləri ilin sonuna qədər bitər.