Şabranda asfalt üzü görməyən küçə var - ŞİKAYƏT+FOTOLAR


Şabran rayonunun mərkəzi küçələrindən olan Füzuli küçəsi tam təmirsiz haldadır. Belə ki, "Stansiya" adlanan ərazisində, Şabran Dəmiryolu vağzalının yaxınlığında yerləşən Füzuli küçəsinin sakinləri küçələrinin həddindən artıq bərbad olmasından şikayətçidirlər.


Bu barədə AFN.az-a sakinlər özləri məlumat veriblər. Onlar yollarının pis olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkdiklərini deyirlər. 800 metrdən artıq uzunluğu olan, 80-dən çox ailənin yaşadığı Füzuli küçəsi rayonun ən uzun və ən qədim küçələrindən biridir. Həmin küçə 1940-1950-ci illərdə salınıb.

Yolun acınacaqlı vəziyyətdə olmasının səbəblərindən biri də "gözdəniraq, könüldən uzaq", diqqətdən kənar qalmasıdır. Sakinlər bildirirlər ki, yağışlar yağanda bu küçə təmir olunmadığından ərazidən keçmək lap müşkülə çevrilir. Hətta taksi sürücüləri belə Füzuli küçəsinin lap bərbad, kələ-kötür olduğundan buraya o qədər də gəlmək istəmirlər: "Hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul köçürülsə də, bəzi küçələr təmir olunsa da, illərdir nə köhnə icra hakimləri, nə də indiki icra başçısı Asif Hüseynovun vaxtında məhz bu küçəyə asfalt çəkilməyib və çəkilmir.
Füzuli küçəsi salındığı gündən indiyəcən-az qala 100 ildir asfalt üzü görməyib. Yerli icra hakimiyyəti bura nəinki asfalt çəkib, heç adi çınqıl belə tökməyib, nə edilibsə sakinlər özləri edib. Üstəlik küçə işıqlandırılmadığından, gecə qaranlığa qərq olur. Bu küçənin asfalt problemi dəfələrlə mətbuatda da işıqlansa da aidiyyati qurumlar tərəfindən heç bir tədbir görülməyib".

Sakinlərin şikayətlərinə isə yalnız o deyilir ki, yolun təmiri üçün büdcədə vəsait nəzərdə tutulmayıb: "Mətbuatda gedən məlumata görə bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb,icra hakimiyyətinin maliyyə məsələləri ilə bağlı araşdırma aparılır. Deyəsən bu səbəbdən şəhərin müəyyən küçələrində gözə kül üfürmək üçün şəhərin bəzi küçələrinə “yalandan” asfalt çəkilir. Amma əfsuslar olsun ki, yenə də Füzuli küçəsi kənarda qalıb..."

Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Kərimov AFN.az-ın mövzu ilə bağlı sorğusuna cavab olaraq bildirdi ki, Füzuli küçəsinin təmiri bu ilki plana salınıb: "Bu il həmin küçə təmir edilərək".














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu