Azərbaycan xalqı - dünyanın ən çox dərman yeyənləri siyahısında
"Azərbaycan xalqı bərbad səhiyyəyə görə dünyanın ən çox dərman yeyənləri siyahısındadır”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına görə, bu ilin ilk 7 ayında ölkəyə 214 milyon 067 min dollar məbləğində əczaçılıq məhsulları idxal olunub:
"Bu məbləğ ölkəyə gətirilən dərmanların idxalda qeydiyyata düşən gömrük dəyərini ifadə edir. Heç şübhəsiz ki, həmin dərmanların çoxu xəstələrə ikiqat bahasına satılıb. Təəssüf ki, ən sadə dərman preparatları belə istehsal olunmur. Dövlət Statistika Komitəsi də məlumat verir ki, 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında ölkədə dərman vasitələrinin satışı 1,9 dəfə artıb. İyul ayında Azərbaycana dərman idxalı orta aylıq göstəricidən 2 dəfəyədək çox, yəni 55 milyon dollar olub”.
Qubad İbadoğlu bildirib ki, hazırda ölkəyə dərman idxalı bir neçə şirkətin oliqopoliyasındadır:
"Məhz onların bazarda sövdələşmələrinə görə, dərmanların keyfiyyətində də ciddi problemlər müşahidə olunur. Qiymətlərə gəlincə, onu Tarif Şurası müəyyənləşdirsə də, Azərbaycanda dərmanların qiyməti Türkiyə, Rusiya və İranla müqayisədə yüksəkdir. Bu isə o deməkdir ki, xüsusilə də pandemiya dövründə ailə büdcəsində əsas xərclərdən biri də dərmanların alışıdır”.