Sergey Şoyqunun Bakı səfəri nə vəd edir? – Kritik səfər – TƏHLİL




Rusiyanın Cənubi Qafqazdakı münaqişəyə dair baxış bucağına nəzər yetirdikdə, 2005-ci ildən sonra, 13 il ərzində Rusiya və Azərbaycan arasında yaxınlaşmanın şahidi olduq.



Qazet.az xəbər verir ki, son 3 il ərzində, Azərbaycan və Rusiya arasında münasibətlərdə müəyyən fikir ayrılığı var. Bu münasibətlər Dağlıq Qarabağ ətrafında baş verən proseslərə də təsirsiz ötüşmür. Son zamanlar Tovuz hadisələri zamanı Rusiyadan Ermənistana göndərilən tonlarla silah məsələsi də Azərbaycanda birmənalı şəkildə çox mənfi qarşılandı.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Qazet.az-a açıqlamasında bildirib ki, Rusiya və Azərbaycan Müdafiə Nazirləri arasında baş tutacaq görüş zamanı bir çox suallar olacaq. Bu suallardan biri isə Ermənistana göndərilən silahlarla bağlıdır. Sergey Şoyqunun Bakı səfəri təlimlərlə bağlı olsa da, hər iki tərəfin müəyyən və məlum suallara cavabı olacaq.

“Sergey Şoyqunun Azərbaycana səfəri Xəzərdə keçirilən hərbi təlimlərlə əlaqəli olsa da, əslində, həm də çox kritik görüşlərin keçirilməsinin şahidi olacağıq. Tərəflərin bir-birilərinə verəcəyi suallar çoxdur. Azərbaycan tərəfi Rusiya Müdafiə Nazirinə Rusiyadakı Müdafiə sənayesinin Qazaxıstan, İran, Türkmənistan vasitəsilə Ermənistana tonlarla silah satmasının izahatını istəyə bilər. Çünki Rusiya həmsədr ölkəsidir. Rusiyanın da sualları olacaq. Bunlardan biri Azərbaycan və Türkiyə arasında olan hərbi təlimlərdir. Tərəflər arasında silah ticarəti ilə bağlı da danışıqların keçirilməsi gözlənilir. Rusiya Azərbaycandan silah alveri ilə bağlı sazişin imzalanmasını gözləsə də, hələlik bu məsələ yubadılırdı. Etiraf etməliyik ki, regionun, münaqişənin kurasiyası Moskvaya məxsusdur. Qərb də Cənubi Qafqazla bağlı hegemonluğu Rusiyaya həvalə etmişdir. Moskva ilə dil tapmaq lazımdır”, – deyə Zaur Məmmədov bildirib.

“Son Goranboy təxribatı da göstərdi ki, Azərbaycana qarşı təxribatlar davam edir. Cəbhədəki vəziyyəti gərgin saymalıyıq. Cəbhədə hər an müharibə başlaya bilər”.





– Zaur Məmmədov (Bakı Politoloqlar Klubunun sədri)

Bu yaxınlarda Ceyhun Bayramovun da Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşü baş tutacaq. Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin yaxın aylardakı perspektivi və vəziyyəti hər iki görüşün nəticəsi olaraq özünü göstərəcək.

Bəs bu görüşlərin cəbhədəki mövcud vəziyyətə nə kimi təsiri gözlənilir?

“Cəbhədə vəziyyət Rusiyanın Cənubi Qafqazdakı mövqeyi ilə bağlıdır. Ermənistanda bir çox generallar heç Nikol Paşinyanın xəbəri olmadan da Rusiyadakı bəzi hərbi dairələrə bağlı olan insanlardır. Son Goranboy təxribatı da göstərdi ki, Azərbaycana qarşı təxribatlar davam edir. Cəbhədəki vəziyyəti gərgin saymalıyıq. Cəbhədə hər an müharibə başlaya bilər. Müharibənin başlamasının bir neçə səbəbi ola bilər. Müharibə başlayarsa bu Cənubi Qafqaza Rusiya Və Türkiyənin cəlb edilməsi demək olacaq. Düşünürəm ki, rəsmi Moskvaya bu lazım deyil. Moskva Azərbaycanın milli maraqlarını nəzərə almalıdır”, – deyə politoloq əlavə edib.

Hər halda, bu günü Azərbaycan öz taleyini, müqəddaratını həll etmək potensialına malikdir. Baş tutan görüşlər və yaxın aylarda yaşanacaqlar isə Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu