Dövlət Komitəsi yolu bağlayan qadınlarla bağlı açıqlama verdi




Avqustun 26-da paytaxtın Yasamal rayonu ərazisində bir qrup şəxs Tbilisi prospektində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında yola çıxaraq təhlükəli vəziyyət yaradıb, avtomobillərin hərəkətini dayandırmağa cəhd göstərib. İctimai asayişin pozulmasına yönələn cəhdin qarşısı ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal alınıb.



Komitədən bildirilib ki, həmin şəxslər Yasamal rayonu ərazisindəki yataqxanalarda məskunlaşan, lakin mövcud qaydalar əsasında, yeni yaşayış sahəsinə köçürülməsi mümkün olmayan məcburi köçkünlərdir.

Xəbər verildiyi kimi, paytaxtın Qaradağ rayonu ərazisində bu il mayın 28-də istifadəyə verilmiş “Qobu Park-3” yaşayış kompleksində Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb. Köçürülmə işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” əsasında aparılır. Köçürülməyə hazırlıq zamanı Dövlət Komitəsinin müvafiq komissiyasının İşçi qrupu yataqxanalarda müvəqqəti qeydiyyatda olan və faktiki yaşayan hər bir məcburi köçkünə dair məlumatları araşdırıb, mövcud qayadanın tələbləri əsasında, yeni yaşayış sahəsi ilə təmin ediləcək məcburi köçkün ailələri müəyyənləşdirib.

Araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərə mövcud yuxarıda qeyd olunan qərarla təsdiqlənmiş qaydalarda təsbit olunan səbəblərdən yeni yaşayış sahəsinin verilməsinin mümkünsüzlüyü aşkara çıxıb.

Belə ki, Yasamal rayonu ərazisində yerləşən, Azərbaycan Texniki Universitetinin 1, 2, 3, 4, 5, 6 saylı tələbə yataqxanlarında, yataqxana kompleksinin həyətində, eləcə də, Azərbaycan Memarlıq və İnşaat Universitenin 1, 2, 4, 5 saylı tələbə yataqxanalarında, sanatoriya binasında, yataqxana kompleksinin həyətində, buradakı yarımçıq tikilidə 1340 ailənin müvəqqəti məskunlaşdığı qeydə alınıb və müvafiq qaydada siyahılaşdırılıb. Bunlardan 1133 məcburi köçkün ailəsi “Qobu Park-3” yaşayış kompleksində müvəqqəti yaşayış sahəsinə – yeni mənzillərə köçürülüb. Mövcud qaydalar əsasə götürülərək, aşağıda göstərilən səbəblərdən 161 ailəyə yeni yaşayış sahəsi verilməyib:

- Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin sakinləri olduqlarına görə - 24 ailəyə;

-müxtəlif vaxtlarda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən ev və ya mənzil aldıqlarına görə - 76 ailəyə;

- məcburi köçkün statusu olmadığına görə - 13 ailəyə;

- məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etdiklərinə görə - 24 ailəyə;

Yasamal rayonunda müvəqqəti və komunal qeydiyyatı olmadığına, ölkə xaricində olduğuna və məcburi köçkün qadının yerli sakinlə ailə qurması faktına görə - 24 ailəyə.

Yataqxanada faktiki yaşayan 46 ailə mövcud qaydalara uyğun olmayan iddialar irəli sürərək, onlara təklif olunan yeni müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina edib.

Avqustun 26-da Dövlət Komitəsinin qarşısına yığışaraq, ictimai asayişi pozmağa cəhd göstərən və ictimai davranış qaydalarına zidd hərəkətlər nümayiş etdirən şəxslərdən bəziləri haqqında məlumatları təqdim edirik.

Hüseynova Nargilə Mürsəl qızı - Füzuli rayonunun məcburi köçkündür. 2008-ci ildə həmin rayonun ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə valideynləri ilə birlikdə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin edilib.

Kazımova Nəsibə Kamil qızı - məcburi köçkün statusu yoxdur. Məcburi köçkün olan həyat yoldaşı ilə birlikdə Ağdam rayonu ərazisində 2006-cı ildə salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Aslanova Rübabə Şöhrət qızı – valideynləri ilə birlikdə ailə tərkibində Ağdam rayonu ərazisində 2014-cü ildə məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Niftəliyeva Leyla Mübariz qızı - Cəbrayıl rayonundan məcburi köçkündür. Həyat yoldaşının valideynləri ilə birlikdə ailə tərkibində 2003-cü ildə Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Məstəliyeva Ceyhunə Səməd qızı - Cəbrayıl rayonundan məcburi köçkündür. Bakı şəhərinin Yasamal rayonunda hazırda köçürülmə obyekti olan yataqxanada faktiki olaraq yaşamır.

Musayeva Gülnarə Umud qızı – məcburi köçkün kimi qeydiyyatda olduğu Füzuli rayonunda ona məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan ev təklif edilib. Razılaşmayıb.

Haqqında məlumat verdiyimiz şəxsləri və bu qəbildən olan 30-a yaxın məcburi köçkünü Dövlət Komitəsinin sədri Rövşən Rzayev, karantin rejiminin qaydalarına uyğun olaraq, qoruyucu vasitələrdən istifadə etmək və sosial məsafə gözləmək şərti ilə açıq havada fərdi qaydada qəbul edib dinləyib, onların hər birinə yeni yaşayış sahələrinin verilməsi qaydaları bir daha ətraflı şəkildə izah edilib. Bundan əvvəl də həmin şəxslər Dövlət Komitəsi sədr müəvinləri, aparat rəhbəri tərəfindən dəfələrlə qəbul ediliblər. Hər dəfə də “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” onlara ətraflı şəkildə izah olunubdur.

Bir daha xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir:

- məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlər və onların ailə üzvləri (şəhid ailələri istisna olunmaqla);

- digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3 (üç) ildə həmin obyektdə yerləşib yaşayanlar;

- artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələr;

- əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmiş məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir.

Təəssüf doğuran hallardan biri budur ki, bəzi media qurumları məcburi köçkünlərin haqsız tələblərini heç bir araşdırma aparmadan xüsusi canfəşanlıqla ictimailəşdirir, bununla da vətəndaşlarda dövlət orqanının və onun əməkdaşlarının fəaliyyətinə şübhə və inamsızlıq yaratmaq kimi hüquqazidd əməllərə yol verirlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərlə bağlı vətəndaşların və medianın hər bir müraciətini cavablandırmağa, istənilən məsələyə aydınlıq gətirməyə hazırdır.

Unutmaqyaq ki, Azərbaycan dövləti və onun başçısı məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioriteti elan edib, bu kateqoriyadan olan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu